Apr 27 2020 16:37
Elshad Aliyev
Views: 52

Hazırda Böyük Britaniya üçün pandemiya ilə bağlı risklər çox böyükdür, bu səbəbdən hökumət karantin tədbirlərini tez bir zamanda yüngülləşdirməyəcək.

AZƏRTAC Britaniya telekanallarına istinadla xəbər verir ki, bu mülahizə Birləşmiş Krallığın Baş Naziri Boris Consonun sağaldıqdan sonra xalqa ilk müraciətində yer alıb.

“Bilirəm ki, bu ağırdır. Mən iqtisadiyyatı mümkün olduğu qədər tez işə salmaq niyyətindəyəm. Lakin britaniyalıların verdiyi qurbanların sayını artırmaq və ikinci pandemiya dalğası riskinə səbəb olmaq istəmirəm”, - deyə Boris Conson bildirib.

Baş Nazirin sözlərinə görə, ikinci pandemiya dalğası nəinki yeni yoluxma və ölüm hallarına səbəb ola, həmçinin iqtisadiyyatı fəlakətə sürükləyə bilər. O zaman iqtisadiyyat üçün zərər daha uzunmüddətli və ağır olacaq.

Boris Conson pandemiyanı müharibədən sonra ölkə üçün ən ciddi təhdid sayıb və problemlərin davam etməsinə baxmayaraq, koronavirusa qarşı mübarizədə tədricən uğur əldə olunduğunu və pik dövrünün arxada qaldığını vurğulayıb.

Qeyd edək ki, Boris Conson koronavirus infeksiyasından sağaldıqdan sonra bazar günü axşam saatlarında iqamətgahına gəlib və işinə başlayıb. “Daily Telegraph” qəzeti Baş Nazirin yaxın ətrafında olan mənbəyə istinadla yazıb ki, o, bu həftə karantin məhdudiyyətlərinin yumşaldılması prosesinin başlamasını elan edə bilər. Ölkədə tətbiq edilmiş məhdudiyyətlər mayın 7-dək qüvvədədir və hökumət həmin gün onun uzadılması və ya qismən yumşaldılması barədə qərar verməlidir.


Create Account



Log In Your Account