Jan 28 2019 15:09
Ferah Sabirqizi
Views: 149

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini deyib. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdiyimizi, 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini deyən dövlət başçısı o dövrdə müşahidə olunan hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunduğunu bildirib.

Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. 

“Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”,- deyən dövlət başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirib, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu deyib. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırıb.


Create Account



Log In Your Account