Feb 21 2017 11:00
Ulviyye Sabirqizi
Views: 1848

Bu gün xalqımızın qədim adət-ənənəsinin özəyi olan Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur. Yazın müjdəçisi sayılan bu çərşənbəyə el arasında “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. İnanclara görə, su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.

Tarix elmləri doktoru Güllü Yoloğlunun CBC-yə verdiyi açıqlamaya görə, Su çərşənbəsinə həm də “Yalançı çərşənbə” deyilir. Belə ki, kiçik çillə bitmiş olsa da, Boz ay hələ də davam edir. Boz ayda isə hava küləkli və soyuq olur:

“Tarix boyu Su çərşənbəsi deyilən bir şey olmayıb. Məsələn, bu il bizdə fevralın 21-də “Yalançı çərşənbə” girir. Biz əgər folklorşünas-alim Bəhlul Abdullanın fikirlərini nəzərə alsaq, o deyirdi ki, 7 çərşənbə olub: 3-ü oğru, 3-ü doğru, 1-i yalançı. 3 “oğru çərşənbə” fevral ayının 20-dək olan dövrü əhatə edir. Yəni Boz ay girənə qədər. Amma 3-ü doğrudur, bu artıq Novruz bayramına, yəni, il təhvil olana qədər olan üç çərşənbədir. Biri də “Yalançı çərşənbə”dir”.

Ta qədim zamanlardan Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə qeyd edilir. Xalq arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Hər çərşənbənin öz adət-ənənəsi, təamı, xonçası var.

“Xalq birinci çərşənbəyə “yalançı çərşənbə” deyərdi və onu demək olar ki, qeyd eləməzdi. Çünki boz ay yenicə girib, qış təzəcə çıxıb. İkinci çərşənbə, “xəbərçi çərşənbə”, yəni “Axır çərşənbə”nin yaxınlaşdığından xəbər verir. Ona bəzi bölgələrimizdə müjdəçi, muştuluqçu, cıdırçı çərşənbə də deyirlər. Həmin vaxt insanlar təmizlik işləri ilə məşğul olardılar. Üçüncü çərşənbə bir çox rayonlarımızda “ölü çərşənbə” və yaxud “qara çərşənbə” adlanır. Bütün hamı elliklə qəbiristanlıqlara gedir, ölən insanların qəbirlərini ziyarət edirdilər. Və bütün bunlardan sonra xalqımız hamı bir yerdə çox gözəl bir bayramı – “Axır çərşənbə”ni bayramını qeyd edirdi” - deyə, Güllü Yoloğlu deyib.

İnamlara görə, Su çərşənbəsi günü hələ gün doğmamışdan kənd yerlərində insanlar bulaq üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi - kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur.

Deyilənə görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar.

Qeyd edək ki, Novruzun sonuncu çərşənbəsi olan İlaxır çərşənbə martın 14-nə təsadüf edir. Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.

 


Create Account



Log In Your Account