Mar 03 2020 10:35
Elshad Aliyev
Views: 145

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir.

AMEA Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli AZƏRTAC-ın müxbiri ilə söhbətində xalqımızın odla bağlı adət-ənənələrindən, mərasimlərindən danışıb.

Atəş Əhmədli qeyd edib ki, Novruzun mənşəyi ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Diqqəti çəkən mülahizlərdən biri də Novruzun “Yaradılış bayramı” olmasıdır. Bu mülahizəyə görə, Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd edilir. Dünyanın yaranmasında iştirak edən dörd ünsür məhz dörd çərşənbədə qeyd olunur. Bununla da əsaslandırmaq olar ki, Novruz dünyanın və insanın yaradılmasının bayramıdır.

Onun sözlərinə görə, çox qədim zamanlarda yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözündə görünməkdədir.

“Novruz bayramını od-ocaqsız, gur Novruz tonqalı olmadan təsəvvür etmək mümkün deyil. İnsanlar qaranlıq düşən kimi böyük tonqallar yandırır və onların alovu qaranlığı yararaq insanlarda böyük sevinc və coşqu, şən əhval-ruhiyyə yaradır. Bu cəhətdən Novruzla bağlı inanclarda odu müqəddəsləşdirmənin mühüm yer tutduğunu görürük. Ümumiyyətlə, od türklərin inanclarında mühüm mövqeyə malikdir. Türkoloq Seyfəddin Altaylı yazır ki, türklər tərəfindən od da eynilə su kimi müqəddəs sayılıb. Dünyanın yaradılmasında, yaz və od arasında bir əlaqənin olduğuna inanılıb. Bütün bu təsəvvürlər öz izlərini Novruz adətlərində əks etdirir”, - deyə folklorşünas bildirib.

Novruzaqədərki hər bir çərşənbə axşamı tonqal qalanır, insanlar tonqalın üstündən tullanır. Xalqımızın Novruz mərasimləri barədə söhbəti davam etdirən A.Əhmədli qeyd edib ki, ümumiyyətlə, bu bayramda tonqalqalama xüsusi mərasimdir. Necə gəldi, harada gəldi tonqal qalamaq olmaz. Bunun xüsusi qaydaları, yəni mərasimi var. Məsələn, Şəkidə olduğu kimi, hər həyətdə böyük tonqal qalanır, ətrafında şənlənir, üstündən tullanıb deyirlər:

Ağırlığım, uğurluğum odlara,

Tonqaldan atlanmayan yadlara.

Yaxud:

Ağrım-uğrum tökülsün,

Oda düşüb kül olsun.

Yansın alov saçılsın,

Mənim bəxtim açılsın.

Axır çərşənbə tonqalı həm də ata-baba ruhları ilə bağlıdır. Məsələn adətlərdən birinə görə, ilaxır çərşənbələrdə evin işığını sübhəcən söndürməzlər, həyətdə tonqal qalanar. Ulu əcdadlarımız hesab edirdilər ki, ildə bir dəfə ölmüş babalarının ruhları öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbələrə düşür. Əgər onlar görsələr ki, nəsilləri yaşayan evlərdə tonqallar qalanmır, ocaqlar sönüb, elə bilirlər ki, qoyduqları adət-ənənələr tapdanıb, övladlarına qalan var-dövlət göyə sovurulub, hər şey məhv olub, qayıdıb gedərlər və o tərəflərə hərlənməzdilər. Bir də ki, çərşənbə axşamı görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, küsülüdürlər, onda da inciyər və oralara gəlməzlər. Məhz bu inama görə, İlaxır çərşənbələrdə tonqallar qalanır, şənliklər keçirilir, umu-küsü aradan götürülür.

Lakin inanclara görə, Novruz tonqalının təkcə əcdad ruhları ilə deyil, həm də bədxah ruhlarla əlaqəsi var. Qazax bölgəsinin inanclarına görə, yeni il axşamı evdə, bayırda ocaq qalayar, şam yandırarlar ki, qara div, şər, pis nəzər onlardan uzaq olsun, qorxub qaçsın.

Bəzi bölgələrimizdə axır çərşənbə axşamında yandırılan tonqalın üstündən mal-qaranı, qoyun-quzunu da adladırlar ki, çillədə qalmasınlar. Çillə – köhnə ilin ağrı-acısı, qada-balasıdı, ocaqdan adlayanda hamısı tökülüb odda yanır.

Digər inanca görə, axır çərşənbə tonqalı ilə Novruz tonqalı bir-birindən ciddi fərqləndirilir. Yəni, bayram axşamında, ya da bayram günündə qalanan tonqala yaş ağac atılmaz. Yaş ağacı həmin ocağa atsan, ruzi-bərəkət çəkilər.

İnanclardan birinə görə isə çərşənbə axşamı lampanın altına bağlı qıfıl qoyur və niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun ilk sözünü niyyətlərinə görə yozurlar.

Od çərşənbəniz mübarək!

 


Create Account



Log In Your Account