Apr 26 2021 11:59
Elshad Aliyev
Views: 108

Bu gün Türkiyədə Nazirlər Kabinetinin yeni növ koronavirus pandemiyası ilə bağlı növbəti iclası keçiriləcək. İclasda ölkədə COVID-19-a qarşı qabaqlayıcı tədbir olaraq tam qapanma ilə bağlı qərar qəbul edilə bilər.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantıda pandemiya ilə mübarizə yolları, bununla bağlı tətbiq olunan qadağaların sərtləşdirilib və ya yumuşaldılması, Ramazan, eləcə də 19 May Atatürkü Anma, Gənclik və İdman bayramlarını da əhatə edəcək iki-üç həftəlik tam qapanma məsələləri müzakirə olunacaq.

Toplantıda ölkədə pandemiya ilə əlaqədar iki həftə əvvəl alınan qərarlarla bağlı görülən tədbirlərin nəticələri, gündəlik yoluxma, ölüm və reanimasiyalarda yatan xəstə sayı müzakirə olunacaq. Qardaş ölkədə qapanma ilə gündəlik yoluxma hallarının azaldılması və bununla yanaşı peyvəndləmə prosesinin artırılması ilə pandemiyanın qarşısının alınması nəzərdə tutulur. Məhz bu səbəbdən bu gün baş tutacaq toplantıda qarşıdan gələn bir aylıq vaxtda görüləcək tədbirlərin müəyyən edilməsi vacib məsələlərdən biridir.

Qeyd edək ki, tam qapanma ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə qida və bir neçə sektor istisna olmaqla qardaş ölkənin bütün dövlət və özəl müəssisələrinin fəaliyyətinin iki-üç həftəlik dayandırılması gözlənilir.


Create Account



Log In Your Account