Sep 20 2017 12:42
Naile Hesenova
Views: 237

Sənaye üsulu ilə neft hasilatına başlanılmasından bu günədək Azərbaycanda 1 mlrd 971 mln ton qara qızıl çıxarılıb. Bu il 2 milyardıncı tonun hasil olunması gözlənilir. Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev neftçilərin peşə bayramı münasibətilə keçirilən mərasimdə çıxışı zamanı məlumat verib. O bildirib ki, bu gün neftçilər üçün başqa hadisə ilə də əlamətdardır:

 “Bu gün peşə bayramımızla birlikdə biz daha bir əlamətdar hadisəni Əsrin Müqaviləsi çərçivəsində Çıraq yatağından neft çıxarılmasının 20-ci ildönümü qeyd edirik. Bu illər ərzində sürətli inkişafa nail olmuşuq. Ölkə üzrə neft hasilatı 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 50.4 milyon tona çatdırılıb, son illər 42-43 milyon ton səviyyəsində stabilləşdirilməkdədir. Təkcə AÇG-dən 436 milyon ton neft çıxarılıb. Yeni sazişə əsasən bu yataqlardan daha 500 milyon ton neft çıxarılacaq.”

SOCAR prezidenti deyib ki, “Şahdəniz” yatağının uğurla işlənməsi nəticəsində indi Azərbaycan özünü həm də alternativ təbii qaz mənbəyi kimi tanıdıb:

“Hazırda istismarı davam edən Şahdəniz-1 mərhələsi üzrə stabil dinamika əldə edilib. Yataqdan indiyədək 85 milyard kubmetr qaz, 21.2 milyon ton kondensat hasil olunub. Yatağın hasilat gücü ildə 9 milyard kubmetr qaz təşkil edir. İşlənmənin ikinci mərhələsində əlavə olaraq ildə 16 milyard kubmetr qaz hasil olunacaq.”

SOCAR rəhbəri deyib ki, bunun üçün lazımı infrastruktur yaradılır. “Şahdəniz-2” üzrə işlərin ümumilikdə 96%-i icra edilib. Bu işləri “Xankəndi” gəmisi daha da sürətləndirəcək. Rövnəq Abdullayev deyib ki, qazın nəqli üçün inşa edilən TANAP kəmərinin Əskişəhərə qədər olan hissəsi gələn ilin ortalarında istismara veriləcək. Kəmərin Yunanıstan sərhədinə qədər olan hissəsi isə 2019-cu ilin əvvəlində hazır olacaq. TAP kəmərinin tikintisində  işlərin yarıdan çoxu tamamlanıb. Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq”.


Create Account



Log In Your Account