Jul 10 2019 15:40
Ferah Sabirqizi
Views: 229
Yayda sərin içkilərə daha çox tələbat yaranır. Dərhal gümrahlıq gətirən, təravətləndirən içkilər adama ləzzət verir. Bunlar arasında enerji içkiləri getdikcə daha çox populyarlıq qazanır.  
 
Çoxlu reklam olunan bu içkilərin tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr var. Reklama görə, bu içkilər çəki itkisinə səbəb olur, digər tərəfdənsə dözümlülük, fiziki gücü və diqqəti gücləndirir.  İlk baxışdan cəlbedici səslənir. Amma... 
 
İlk dəfə 1929-cu ildə xəstəxanada dərman kimi istifadəsinə başlanan enerji içkiləri zaman keçdikcə enerjini bərpa edən qida məhsulu kimi reklam olunmağa başlandı. Yaponiyada 1960-cı ildən satılmağa başlanan bu içki, qısa müddət sonra hamının istifadə edə biləcəyi enerji içkisi kimi tanıdıldı. 2000-ci illərin sonunda Avropada böyük satış bazarına sahib olan enerji içkiləri artıq dünyanın hər yerində güc artıran qida məhsulu kimi istifadə olunur.
 
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir ki, enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:
 
- Məhsulu alarkən onun tərkibi ilə tanış olun.
- Enerji içkilərinin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur.
- Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır.
- Enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.
 
Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər.
 
Eyni zamanda, enerji içkilərinin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.
 
Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərindən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.
 
Baxmayaraq ki, enerji içkiləri son zamanların “kəşfidir”, onların tərkib maddələri uzun əsrlərdir ayrı-ayrılıqda gümrahlaşdırıcı qismində istifadə edilir. Energetiklərin istehsalı və satışa buraxılması sessiya zamanı tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, gecə yola çıxan sürücülərə və sadəcə çox yorğun olmasına baxmayaraq işləməyə məcbur olan insanlara bir hədiyyə kimi qiymətləndirmək olar.
 
 
İstehsalçılar vurğulayır ki, onların istehsal etdiyi içkilər ancaq fayda verir və içkilər daima təkmilləşdirilir, yeni çeşidlər buraxılır. Sual yaranır: əgər hər şey belə “sağlam” və düzgündürsə, nəyə görə bəzi ölkələrin qanunvericiliyi bu içkilərin geniş istifadəsini və bazarda yayılmasını məhdudlaşdırır? Suala cavab tapmaq üçün ilk növbədə içkilərin tərkibini təşkil edən maddələri araşdıraq:
 
Kofein. Bütün energetiklərin əsas tərkib hissəsi. Stimulyator qismində çıxış edir: 100 mq kofein əqli qabiliyyəti gücləndirir, 238 mq kofein ürək-damar sisteminin dözümlülüyünü artırır.
 
Taurin. Hər bir energetik içkidə 400 mq-dan tutmuş  1000 mq-dək taurin maddəsi olur. Bu maddə əzələ toxumalarında yığılan amin turşusudur. Lakin son zamanlar tibb aləmində belə bir fikir yığılıb ki, taurinin orqanizmə heç bir təsiri yoxdur.
 
Karnitin. Bu element hüceyrələrdə yağlı turşuların sürətli həll olmasına səbəb olur. Karnitin maddələr mübadiləsinin sürətini artırır, əzələ yorğunluğunun qarşısını alır.
 
Quarana və jenşen. Tonusu artırmaq xüsusiyyətinə malik müalicəvi bitkilər. Quarananın yarpaqları tibdə geniş istifadə olunur: əzələlərdə zərərli turşuları ixrac edir, fiziki yüklənmələr vaxtı ağrıları azaldır, qaraciyəri təmizləyir. Tibb aləmində isə hesab olunur ki, bu bitkilərin qıcıqlandırıcı və ya gümrahlaşdırıcı xüsusiyyətləri araşdırmalara məruz qalmayıb. Buna görə də həmin bitkilərin energetik içkilərin tərkibində hansı rolu daşıması məlum deyil.
 
B vitamini – sinir sistemi və beynin normal fizioloji fəaliyyəti üçün zəruri elementdir. Bu elementin çatışmazlığı orqanizmdə müəyyən mənfi dəyişikliyə səbəb olur. Lakin, B vitamininin artıqlığı da heç yaxşı hal deyil. Ən azından B vitamininin artıqlığı heç bir müsbət dəyişikliyə gətirmir.
 
Melotonin.  Orqanizmdə olan elementdir və insanın sutkalıq ümumi ritmini tənzimləyir.
 
Matein. Cənubi Amerikada yetişən yaşıl çayın xüsusi növü olan “mate”-nin tərkibində olur. Bu maddə aclıq hissini yubadır və çəki itkisinə səbəb olur.
 
Bu yaxınlarda enerji içkilərinin daha bir istiqamətdə orqanizmə ziyanı ortaya çıxıb. Bu haqda “Tunisie Soir” yazıb. Bu enerji içkisindən 1 litrdən  istifadə təzyiqi kəskin artırır, ürək fəaliyyətinin ritmini pozur. Bu, eksperiment nəticəsində bəlli olub.
 
Eksperimentə 18-40 yaş arası 34 könüllü qoşulub. Onlar kofeinlə enerji içkisi və plasebo qəbul ediblər. Hər yarım saata 470 ml içmək lazım gəlib. Bu müddətdə isə elm adamları ürək fəaliyyətini müşahidə ediblər. Məlum olub ki, plasebo qəbul edənlər daha sakit görünürlər. Enerji içkisinin dadına baxanlarda isə ürək döyüntülərinin sürəti xeyli artıb. Bunları içənlərdə sistolik və diastolik təzyiqin 4-5 millimetr yüksəldiyi də müşahidə olunub.
 
Ona görə də energetik içkiləri gündə 1-2 bankadan artıq içmək olmaz. Əks halda yüksək qan təzyiqi və qanda şəkərin artması ilə üzləşə bilərsiniz.
 
Bəzi ölkələrdə enerji içkiləri qadağan edilib
 
Fransa, Danimarka, və Norveçdə energetik içkilərin adi marketlərdə satışı qadağandır. Bu içkilər yalnız apteklərdə satılır. Təzyiq və ürək xəstəlikləri olan insanlara bu içkilərin qəbulu qəti sürətdə qadağan olunur.
 
Energetik içkilərin tərkibində olan tonikin enerji artırması fikri tamamilə yanlışdır. Sadəcə tonik insanın “sonraya saxlanmış” mövcud enerji ehtiyatlarının “qənaət etmədən” sərf edir, monları aktivləşdirir. Tonikin təsiri keçəndən sonra insan 2 qat yorğunluq keçirməklə yanaşı, həmdə qıcıqlanma və yuxusuzluq keçirir.
 
Tonikin tərkibində olan kofein bütün stimulyatorlar kimi əsəb sistemini tədricən pozur, vərdiş yaradır. Energetik içkilərin tərkibində olan aşırı dozada B vitamini sürətlənmiş ürək döyüntülərinə və əllərdə titrəməyə səbəbə olur.
 
Fitnes pərəstişkarlarına xatırlatmaq lazımdır ki, energetik içkilər həmdə sidikqovucu təsirə malikdirlər. Buna görə də məşqdən sonra bu içkiləri qəbul etmək – əziyyətinizi yerə vurmağa bərabərdir, çünki əzələlərə yığışan bütün su, lazımlı elementlər bədəndən çıxır.
 
Onu da qeyd edək ki, 2004-cü ildə Avropa İttifaqında qəbul edilən tələblərə əsasən, 1 litrində 150 mq və daha artıq kofein olan enerji içkilərinin üzərində əlavə xəbərdarlıq yazısı yerləşdirilməlidir. 2014-cü ildən bu qayda daha da sərtləşdirilir və müəyyən edilir ki, 100 ml-də 1 mq və daha artıq kofein olan enerji içkilərinin üzərində “Yüksək kofein tərkiblidir. Uşaqlar, hamilə və uşaq əmizdirən qadınlara tövsiyə olunmur” yazılmalıdır. “Ancaq məhdudiyyətlər bununla da bitmir. Yüksək həcmdə kofein istehlakından qaynaqlanan problemlər enerji içkilərinin müəyyən şərtlər daxilində Danimarkada, Türkiyədə, Norveçdə, Uruqvayda, İslandiyada qadağan olunmasına səbəb olub. İsveçdə də enerji içkilərinin satışında məhdudiyyətlər tətbiq edilir və ümumiyyətlə, həmin məhsulların 15 yaşına çatmamış uşaqlara satışı tamamilə qadağan edilir. 2012-ci ildən Macarıstanda tərkibində yüksək kofein olan enerji içkilərinə “ictimai səhiyyə vergisi” (“public health tax”) tətbiq olunur”.
 
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Şöbəsinin 2014-cü ildə açıqladığı hesabata əsasən, enerji içkiləri gənclərin sağlamlığında müəyyən problemlər yarada bilər. Bu qida məhsulları daha çox fiziki və zehni gücü artıran məhsullar olaraq ictimaiyyətə təqdim edilsə də, insanların sağlamlığı üçün zərərli tərəfləri mövcuddur. “Ümumdünya Səhiyyə Təşkilatı” hazırladığı hesabatda enerji içkiləri üçün kofein məhlulunun maksimum həddinin müəyyənləşməsini, marketinq fəaliyyətlərində standartların tətbiq olunmasını, enerji içkilərinin uşaqlara satılmasının qarşısının alınmasını məsləhət görür.
 
Almaniya enerji içkilərinin yaratdığı mümkün fəsadları 2002-ci ildən izləyir. Hesabatın nəticələrinə görə, qaraciyərin zədələnməsi, böyrək çatışmazlığı, tənəffüs pozğunluğu, psixi gərginlik, ruhi sarsıntı, taxikardiya, ürək disritmiyası, yüksək təzyiq, ürək çatışmazlığı və ölüm daxildir. İrlandiyanın Toksikologiya Mərkəzinin verdiyi məlumata görə, 1999-2005-ci illər ərzində enerji içkilərinin istifadəsinin taxikardiya, qıcolma və iki ölüm faktı ilə nəticələnib. Yeni Zelandiya Toksikologiya mərkəzi bu içkilərin törətdiyi fəsadlarla bağlı 2005-2009-cu illər ərzində 20 xoşagəlməz fakt qeyd alıb.
 
ABŞ Səhiyyə Nazirliyi nəzdində Qida və Dərman Təşkilatının hesabatına görə 2004-2012-ci illərdə ABŞ-da 18 nəfər enerji içkiləri səbəbindən dünyasını dəyişib, 150 nəfər isə ölüm təhlükəsi ilə üzləşib.
 
Artıq bəzi ölkələrdə enerji içkilərinin satışı, istifadəsi və reklamına qarşı müəyyən tədbirlər də görülüb. Belə ki, İsveçdə uşaqlara bəzi enerji içkilərinin satışı qadağan olunmuş, Macarıstanda isə satışına əlavə vergilər tətbiq olunmuşdur. Norveçdə apteklərdə satışına icazə verilir, Danimarka və Uruqvayda  bütün enerji içki növlərinin satışı qadağandır. Avropa Birliyi ölkələrində enerji içkilərinin qutularında “kofein miqdarı” yazısı olmalıdır. Türkiyədə isə içkilərin 18 yaşından kiçik insanlara satılmasına, eyni zamanda idman mərkəzləri, məktəblər və xəstəxanalarda satışının təşkilinə və reklam edilməsinə icazə verilmir.
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 18 yaşına çatmamış yeniyetmələri, hamilə qadınları, süd verən anaları, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanları enerji içkilərindən istifadə etməməyə çağırır.
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.   

Create Account



Log In Your Account