Nov 05 2019 12:07
Elshad Aliyev
Views: 46

Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 481 mln. ABŞ dolları əməliyyat xərcləri və 818 mln. dollardan artıq əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

BP şirkətindən “APA-Economics”ə verilən məlumat görə, doqquz ay ərzində yataqdan ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 12,2 mlrd. kubmetr qaz və təqribən 2,6 mln. ton (21 mln. barel) kondensat hasil edilib.

Ötən ilin iyul ayının sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln. (ildə 20 mlrd.) kubmetrdir.

İstiqlal qazma qurğusu şərq cinahın cənub hissəsində bir, qərb cinahın cənub hissəsində iki, şərq cinahın şimal hissəsində isə bir sualtı quyu tamamlayıb və hazırda həmin hissədə ikinci quyu tamamlama əməliyyatlarını həyata keçirir. “Maersk Explorer” qurğusu şimal cinahında bir quyunu tam dərinliyinədək, digər bir quyu lüləsinin isə üst intervalını qazmış və sonra qərb cinahında iki quyunun üst intervalını qazmışdır. Hal hazırda qurğu həmin cinahda bir quyunun alt hissəsində qazma işləri aparır.

Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu və şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.


Create Account



Log In Your Account