Nov 14 2019 10:33
Elshad Aliyev
Views: 53

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib.

"APA-Economics"in Azərrbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hesabat dövründə banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri dəyişkənlik nümayiş etdirsə də rəsmi məzənnəyə yaxın olub. Belə ki, 9 ay ərzində kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6977, satış məzənnəsi isə 1,7021 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0,1% (0,0023 manat), satış məzənnəsi ilə isə 0,1% (0,0021 manat) olub.

Dövr ərzində manat türk lirəsinə qarşı 6,6%, avroya qarşı 4,5%, gürcü larisinə qarşı 9,8% bahalaşıb. Eyni zamanda milli valyuta Ukrayna qrivnasına qarşı 14,3%, Rusiya rubluna qarşı 7,3%, yapon yeninə qarşı 2,6% ucuzlaşıb.

"İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, 9 ayda manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 1,4% bahalaşıb, real effektiv məzənnəsi isə 1,3% ucuzlaşıb. Real effektiv məzənnənin ucuzlaşması Azərbaycanda inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiyadan əhəmiyyətli az olması ilə izah edilir", - AMB-nin məlumatında deyilir.


Create Account



Log In Your Account