Sep 06 2017 16:12
Ferah Sabirqizi
Views: 45

Payızda mövsüm dəyişikliyi ilə əlaqədar insanlar arasında bəzi xəstəliklər aktivləşir. Havanın temperaturunda baş verən ani dəyişikliklər orqanizmin immunitetini zəiflədir. Mütəxəssislər mövsümün dəyişməsi ilə əlaqədar ən çox yayılan xəstəlikləri iki qrupa bölürlər: kəskin respirator infeksiyalardan törəyən xəstəliklər və qrip. Risk qrupuna ilk növbədə yaşlılar, 1 yaşdan kiçik uşaqlar və hamilələr daxildir.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyir ki, əhali arasında daha çox yayılan xəstəliklər kəskin respirator infeksiyalar və qrip xəstəlikləridir: «Kəskin respirator infeksiyalar eyni əlamətə malik olan bir neçə xəstəliyin adıdır. Qrip xəstəliyini isə artıq beynəlxalq səhiyyə təşkilatı hər hansı virusla yayıldığını təsdiqləməlidir. Bu xəstəliyin risk qrupuna 65 yaşdan yuxarı olan və 1 yaşa qədər uşaqlar daxildir».

Mütəxəssislər xəstəliyin adi halda yüngül keçdiyini deyirlər. Xəstələrdə temperaturun yüksəlməsi, üşütmə, titrətmə, bəzən öyümə, qusma kimi əlamətlər özünü biruzə verir. Bu şikayətləri olan xəstələr həkimə müraciət etməlidirlər.

«Əgər xəstəliyin heç bir ağırlaşması yoxdursa, xəstəlik 2-4 gün ərzində, hətta 5-10 gün ərzində çoxlu maye qəbul etməklə çıxıb gedə bilər. Ola bilər ki, xəstəlik orta ağırlıqlı və ağır formada keçsin, onda müəyyən ağırlaşmalar əmələ gəlir ki, xəstə artıq həkimə müraciət etməlidir. Orta ağır dərəcəsində ambulator şəraitdə, ağırlaşma fəsad baş verdikdə isə hospitallaşdırma olunacaq”.

İlk növbədə xroniki xəstəlikləri olan xəstələrin səhhətinin nəzarət altında saxlanılması vacib sayılır. Həkimlər ağırlaşma olmadığı halda antibiotiklərdən istifadəyə qəti qarşı çıxırlar. Mütəxəssislər mövsümə uyğun geyinməyi, açıq havada gəzməyi və immuniteti yüksəldən vitaminləri qəbul etməyi tövsiyyə edirlər.


Create Account



Log In Your Account