Dec 05 2017 13:13
Ferah Sabirqizi
Views: 44

“Ermənistan ordusunun işğal olunmuş torpaqlarımızda separatçı rejimlə birgə keçirdiyi təlimlər sadəcə, öz xalqını aldatmaq üçündür. Ermənistan prezidenti Serj Sarkisyanın bu təlimləri “miqyaslı” adlandırması çox gülüncdür”. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində keçirdiyi təlimləri şərh edən ekspertlər belə deyir. Onların fikrincə, təlimdən yayılan foto və videolar bunu düşünməyə əsas verir.

Hərbi ekspert Şair Ramaldanov deir ki, bu təlimdə yalnız köhnə texnikanı görmək olardı: “O cümlədən, artilleriya, raket vasitələrinin tətbiqini müşahidə etmədik – hər halda, baxdığımız materiallara görə. Şəxsi heyətin təlimlərdə peşəkarlığının yoxlanılması, tətbiq olunan texnika və digər sursatların istifadəsi və onların nəticələri, təlimlərdə hədəflərin vurulması və s. biz orada o hədəfləri də izləyə bilmədik”.

“Təlimlərdə iriçaplı pulemyotlardan, top, raket sistemlərindən, zirehli texnikalardan, özüyeriyən artilleriya sistemlərindən istifadə edilməyib. Bütün bunlar xeyli vəsait tələb edir. Bunlarsız irimiqyaslı təlim keçirmək olmaz”. Hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov belə deyir. Bildirir ki, Ermənistan rəhbərliyinin təlim adıyla keçirdiyi, sadəcə kiçik bir məşqdir.

“Yəqin bunlar uzun müddət fikirləşiblər ki, vəsait sərf etmədən, qoşunları cəlb etmək imkanı olmadan necə bir təlimlər keçirək ki, Ermənistan əhalisində təsəvvür yaransın ki, iri miqyaslı təlimlər gedir, daxildə çəkişmələri dayandırın, narazılıqlara son qoysun. Baxmayaraq ki, camaat acından ölür və s. həddindən artıq çox problemlər var”.

Hərbi ekspert deyir ki, yayılan videogörüntülər təlimdən çox, məhəllədə uşaqların oynadıqları müharibə oyununu xatırladır.

“Bir neçə bölük, rus dilində buna “rota” deyirlər, onları çıxarıblar. Və bir neçə ədəd tank. Xaotik şəkildə sağdan-sola, soldan-sağa. Həddindən artıq çox operator yığıblar ki, bunları müxtəlif istiqamətlərdən göstərsin, təsəvvür yarada bilsinlər öz camaatında ki, iri miqyaslı təlimlər keçirirlər. Nə iri miqyaslı? Səndə yüz minlərlə, milyonlarla vəsait varmı bu təlimləri keçirmək üçün? Sən bu təlim adlandırdığın təlimcikdə nəyi göstərdin?”

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanovun fikrincə, Ermənistan ordusunun maddi-texniki təminat məsələlərində də ciddi problemlər mövcuddur. Döyüş texnikasının, təlimə cəlb olunan şəxsi heyətin sayı məhz bundan xəbər verir.

“Bu, bizi sevindirir. Ona görə ki, biz öz gücümüzü bilirik. Azərbaycan Silahlı Qüvvələri bu gün hansı imkanlara daxildir, bilirik. Bir daha əmin olduq ki, Azərbaycan ordusu dogrudan da bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ali baş komandanı, AR prezidentinin hər hansı bir tapşırığını, o cümlədən, Dağlıq Qarabağı azadetmə əmrini yerinə yetirməyə qadirdir”.

Ekspertlər hərbi təlimlərin Ermənistan ordusunun gücünü deyil, əksinə acınacaqlı vəziyyətini ortaya çıxardığını vurğulayırlar.


Create Account



Log In Your Account