May 12 2020 13:15
Elshad Aliyev
Views: 71

Birinci rübdə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 7,7 milyon ton (58 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 76 tankerə yüklənib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, üç ayda BTC üzrə əməliyyat xərclərinə təxminən 25 milyon dollar, əsaslı xərclərə isə təqribən 3 milyon dollar sərf olunub.

1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ilk rübünün sonunadək BTC ilə ümumilikdə 455 milyon tondan çox (təxminən 3,41 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4457 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.


Create Account



Log In Your Account