Jun 13 2018 17:50
Ferah Sabirqizi
Views: 189

Sabahdan dördilliyin böyük futbol bayramı – Dünya Çempionatı 2018-ə start verilir. Rusiyada 12 fərqli stadionda 14 iyun-15 iyul tarixləri arasında keçiriləcək çempionatda 32 komanda 8 qrupda mübarizə aparacaq.  XXI mundialın açılış matçı Bakı vaxtı ilə 19:00-da Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında baş tutacaq.  Moskvadakı “Lujniki” stadionunda keçiriləcək oyunu idarə edəcək referi artıq müəyyənləşib. Bu, argentinalı Nestor Pitanadır. Onun köməkçiləri həmyerliləri Xuan Pablo Bellati və Hernan Maidana olacaqlar. Oyunun dördüncü hakimi funksiyasını isə braziliyalı Sandro Riççi yerinə yetirəcək.

Həmişə olduğu kimi bu dəfəki çempionatda da bir sıra iddialı komandalar var. Futbol mütəxəssislərinin dünya çempionu titulunun sahibi barədə fikirləri indiyədək yüksək nəticələr göstərmiş komandaların adlarında kəsişir.

Futbol üzrə ekspert Rövşən Binnətli deyr ki, dünya çempionunun hansı komanda olacağı ilə bağlı danışanda, ilk olaraq Braziliya, İspaniya, Almaniya, Fransa kimi komandalar ağla gəlir: “Amma Dünya Çempionatı elə yarışmadır ki, burada heç gözləmədiyimiz komandadan da surpriz nəticə görmək olar. Məsələn, 2016-cı il Avropa Çempionatında Portuqaliyanın çempion olacağını çox az sayda adam ehtimal edə bilərdi. Dünya çempionatında da belə hallar baş verir”.

Futbol üzrə ekspert İbrahim Cəfərovun sözlərinə görə, Avropa ölkələrində keçirilən dünya çempionatları zamanı Cənubi Amerika ölkələri çempion olmurlar: “Səhv etmirəmsə, İsveçdə keçirilən dünya çempionatında Braziliya çempion olub. Qalan bütün hallarda Avropada keçirilən  dünya çempionatlarında köhnə qitə kollektivləri çempion olur. Bu statistikanı nəzərə alsaq, Almaniyanın şansının yüksək olduğunu, Fransa heyətinin güclü olduğunu söyləmək mümkündür. Digər favorit kimi Portuqaliyanın adını çəkmək olar”.

Bugünədək dünya çempionu adını qazanmış 8 komandadan yalnız biri budəfəki mundialda iştirak etmir. Belə ki, İtaliya oyunlardan kənarda qalıb. Bəzi mütəxəssislər bu faktı çempionatın mənfi cəhəti hesab etsə də, digərləri kifayət qədər maraqlı komandaların olduğunu deyirlər.

Rövşən Binnətli bildirir ki, İtaliya dünya futboluna böyük töhfələr vermiş, 4 dəfə dünya çempionu olmuş bir komandadır: “Onun yoxluğu sözsüz ki, müəyyən boşluq yarada bilir. Amma dünya çempionatı elə bir turnirdir ki, burada bir komandanın iştirak etməməsi onun gözəlliyini tam mənada sıradan çıxara bilməyəcək. İtaliya yoxdur, əvəzində baş ölkələr var”.

İsveçin futbol üzrə yığmasının keçmiş hücumçusu Zlatan İbrahimoviç favorit komandalar barədə şəxsi fikrini açıqlayıb. Futbolçunun fikrincə, qalib gəlmək şansı olan komandalar Braziliya, İspaniya, Almaniya və əlbəttə İsveç yığmasıdır: “Argentina yığmasının üzvləri özlərini favorit hesab etmirlər, lakin birmənalı olaraq deyə bilərəm ki, onlar da favoritlərdir. Təəssüf ki, ABŞ yığması dünya çempionatında iştirak etməyəcək. Amerika indi mənim ölkəmdir, mən orada yaşayıram və ABŞ komandası oynasaydı, hökmən ona azarkeşlik edərdim”. – Zlatan berə deyib. Azərbaycandakı futbol azarkeşlərinin də çempionatdan gözləntiləri böyükdür.

Bu mundial bir sıra yeniliklərə imza atacaq. Çempionat Rusiyanın ev sahibliyi etdiyi ilk Dünya Kuboku olacaq. Turnir həm də Şərqi Avropada keçirilən ilk mundialdır. İslandiya və Panama futbol tarixlərində ilk dəfə məhz bu il Dünya Kubokunda oynayacaqlar. Dünya Çempionatının qalibi 2021 FİFA Konfederasiyalar Kubokunda iştirak etməyə vəsiqə qazanacaq. Qeyd edək ki, Çin şirkətləri Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında reklam işlərinə 835 milyon ABŞ dolları vəsait xərcləyəcəklər. Bu vəsait ABŞ şirkətlərinin reklam xərclərindən iki dəfə çoxdur. Ev sahibi Rusiyanın reklam xərcləri 64 milyon dollar təşkil edəcək.


Create Account



Log In Your Account