May 09 2020 11:32
Elshad Aliyev
Views: 390

Bu gün alman faşizmi üzərində Qələbədən 75 il ötür. Bəşəriyyət tarixinin ən dəhşətli faciələrindən olan İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə azərbaycanlılar da iştirak edərək, həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstəriblər. Azərbaycanın görkəmli alimləri isə öz bilik və təcrübələri ilə qələbə qazanılmasına böyük töhfələr veriblər.

Bu fikir AMEA Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Böyük Vətən müharibəsi və Azərbaycan elmi” məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsində cəbhəyə 600 mindən çox azərbaycanlı yola salınıb. Müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə orden və medallarla təltif edilib.

İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti ən həlledici amillərdən biri olub. 1941-ci ilin iyulunda Azərbaycan SSR-dən 40 min nəfər, o cümlədən neft sənayesində çalışan işçilərin 40 faizi cəbhəyə səfərbər olunub. Həmin dövrdə Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.

Müharibənin taleyinin həll olunmasında Azərbaycanın görkəmli alim və ziyalılarının mühüm xidmətləri olub. Kimyaçı alim, akademik Yusif Məmmədəliyevin ixtira etdiyi ən yüksək oktanlı təyyarə benzini, donmayan motor və sürtkü yağları, Katyuşa silahı üçün xüsusi mərmilər sayəsində bir çox ciddi uğurlar əldə olunub.

Qələbənin yaxınlaşmasında Əməkdar elm xadimi, akademik Əli Quliyevin də rolu danılmazdır. O, Yusif Məmmədəliyevlə birlikdə yüksək keyfiyyətli aviasiya yanacağı sayılan alkilbenzin alınması prosesinin tədqiqində, konkret olaraq sulfat turşusunun iştirakı ilə təbii qaz benzinin baş fraksiyasının alkilləşməsi prosesinin işlənib hazırlanması ilə məşğul olub.

Digər həmvətənimiz, görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. Həmin illərdə alim çoxsaylı ağır cərrahiyyə əməliyyatları apararaq yüzlərlə yaralını ölümün pəncəsindən xilas edərək yenidən həyata qaytarıb.

Humanitar elmlər sahəsində çalışan alimlərimiz isə millətin qəhrəmanlıq tarixindən, azadlıq hərəkatından, Azərbaycan sərkərdələrinin döyüş ənənələrindən bəhs edən əsərlər yaradaraq xalqa o çətin dövrlərdə böyük mənəvi dəstək göstəriblər.

Hələ müharibənin qızğın dövrlərində alimlərimizin arxa cəbhədəki fəaliyyəti Azərbaycan sovet tarixşünaslığında öz əksini tapıb. Ziyalılarımızın elmi və texniki düşüncəsi müharibə dövründə gərgin işləyərək cəbhənin ən zəruri ehtiyaclarına xidmət edib. Azərbaycan Elmlər Akademiyasının əməkdaşlarından alim-geoloq Şamil Əzizbəyov, Mirəli Qaşqay, Manaf Zairi və digərlərinin yeni kəşf və ixtiraları ön cəbhə üçün xüsusi əhəmiyyət daşıyıb.

Qabaqcıl ziyalılar müharibənin qızğın çağlarında ordu hissələrinə baş çəkərək hərbi-siyasi təbliğat aparıb, döyüşçülərdə ruh yüksəkliyi oyatmaq üçün əllərindən gələni ediblər. Kimyaçı alimlər silah və döyüş sursatı zavodları üçün zirehdələn mərmilərin, özüidarəolunan bombaların, tank əleyhinə elektrik minaların və s. hazırlanması üçün mühüm tövsiyələr işləyib hazırlayıblar.

Hər il respublikanın müxtəlif qurumlarında, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institut və təşkilatlarında 9 May - Qələbə günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir, sərgilər və dəyirmi masalar təşkil olunur. Tədbirlərdə Azərbaycan xalqının faşizm üzərində qələbəsi, igid oğul və qızlarının qəhrəmanlığı, eləcə də müharibədə Bakı neftinin roluna dair məqalə, kitab və broşürlər nümayiş olunur.

AMEA Milli Azərbaycan Tarixi Muzeyində hər il Qələbə günü münasibətilə foto və rəsm əsərləri, azərbaycanlı müharibə qəhrəmanlarının şəxsi əşya və ləvazimatları, döyüş sursatları sərgilənir.

Bu il də muzey tərəfindən faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə tədbirlər planı hazırlanıb və mütəmadi olaraq silsilə videoçarxlar, məruzə və məqalələr onlayn formatda təqdim olunur.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general-mayor Həzi Aslanov, general-polkovnik Tofiq Ağahüseynov, general-mayor Tərlan Əliyarbəyov və digərlərinə aid qiymətli materiallar eksponatlar sırasında diqqəti cəlb edir.

İkinci Dünya müharibəsində əldə edilən qələbə Azərbaycan xalqının fədakar və cəsarətli olduğunu, alimlərimizin isə dünya elminin ən görkəmli nümayəndələri sırasında uca zirvələr fəth etdiyini bir daha sübut edib.

 


Create Account



Log In Your Account