Mar 10 2017 11:43
Ulviyye Sabirqizi
Views: 1279

Bu gün ABŞ Azərbaycanı əksər sahələrdə yaxın müttəfiqi və tərəfdaşı kimi  görür. İki ölkənin əlaqələri artan templə inkişaf edir. Bir müddət öncə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi dövlət səviyyəsində qeyd edilib. Siyasi analitiklərin fikrincə,  bu cür addımlarla  Azərbaycan  Birləşmiş Ştatlar əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bir daha nümayiş etdirir.

Politoloq Tofiq Abbasov bildirir ki, Azərbaycan ABŞ siyasətinə əməli dəstək göstərir: «Bu, sülhməramlı  qüvvələrin tərkibində Azərbaycan hərbçilərinin iştirakıdır. Digər tərəfdən,Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan yaxından iştirak edir.Azərbaycan böyük potensiala malik bir ölkədir.Amerika tərəfindən də bu yüksək qiymətləndirilir”.

Azərbaycan hökuməti  prezident Trampın və onun admİnistrasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də müsbət işlər görəcəyinə, demokratlardan fərqli olaraq, respublikaçıların problemin həll edilməsində daha müsbət addımlar atacağına ümid edir.

“Tramp admİnistrasiyasının Azərbaycana olan münasibəti müsbətdir. Digər tərəfdən, Tramp özünün seçki kampaniyasında da bildirmişdi ki, Qarabağ problemi ilə bağlı onun özünün yanaşması var və problemin ədalətli  həll edilməsi üçün əlindən gələni edəcək. Biz artıq görürük ki, bu siyasətçi rəsmi postda verdiyi vədlərə əməl etməyə çalışır. Mən hesab edirəm ki, Qarabağ problemi də bu qəbildən olacaq”.

Amerikalı siyasi analitiklərinin fikrincə, Trampın rəhbərliyi dövründə Azərbaycanla əməkdaşlıq davam edəcək və ABŞ Azərbaycanı vacib mütəffiq kimi dəyərləndirəcək. Analitiklər prezident Trampın bir müddət öncə səsləndirdiyi “Amerika bütün dünyada olan tərəfdaşlarına güvənir və Birləşmiş Ştatlar dostlarını unutmayacaq” bəyanatını bir mesaj kimi qiymətləndirirlər.

Yaxın Şərq İnstitutunun baş elmi işçisi  Aleks Vatanka bildirir ki, Azərbaycan müstəqillik əldə edəndən bəri Birləşmiş Ştatların sadiq dostudur: «Azərbaycan ABŞ-ı enerji və digər əməkdaşlıq sahələrində, Əfqanıstan və İraq məsələlərində dəstəkləyib. Trampın açıqlaması yeni Ağ ev administrasiyasından gələn yaxşı mesajdır”.

Bu gün Azərbaycanla ABŞ-ı ümumi dəyərlər və maraqlar birləşdirir. Hər iki ölkə regional təhlükəsizlik məsələlərində və enerji layihələrində mühüm rola malikdir. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə də fəal iştirak etməklə Amerikanın etibarlı regional tərəfdaşına çevrilib. Bunları nəzərə alan siyasi analitiklər Tramp administrasiyasından münasibətlərin yaxşılaşdırılması istiqamətində əməli addımlar gözləyirlər.
 


Create Account



Log In Your Account