Jan 18 2019 13:15
Ferah Sabirqizi
Views: 554

 Avropa Parlamentində Azərbaycanla bağlı məsələ müzakirə olunub. Bu müzakirələr ölkəmiz üçün nə vəd edir? Bu barədə Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev fikirlərini açıqlayıb. 

-Cavanşır müəllim, Bu gün Avropa Parlamentində Azərbaycanda insan haqları ilə bağlı müzakirələr olub. Bunu necə dəyərləndirirsiniz?

-Bəli, müzakirələr olub. Lakin bu müzakirələri şərh etməzdən əvvəl son yarım ildə Azərbaycan-Avropa münasibətləri kontekstində baş vermiş  bir neçə hadisəyə nəzər salmaq faydalı olardı. Birincisi, keçən ilin iyul ayında – 6 ay öncə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanıb. Bu sənəd iki tərəf arasında genişlənməkdə və inkişaf etməkdə olan qarşılıqlı münasibətlərin növbəti mərhələsini özündə ehtiva edən Strateji Tərəfdaşlıq Müqaviləsinin əsas konturlarını müəyyən edir. Keçən il ərzində Cənub Qaz Dəhlizinin TANAP seqmenti işə salınıb. Daha sonra dekabrın 12-də Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanın maraqlarına cavab verən, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən qətnamə böyük səs çoxluğu ilə qəbul olunub. Avropa-Azərbaycan əməkdaşlığının bu qədər sürətlə genişlənməsinə rəqiblərimiz laqeyd qala bilməzdi. Həm ölkə daxilində, həm də ölkə xaricində antiazərbaycan qüvvələrin hər hansı addım atacağını gözləmək olardı və biz bunu gözləyirdik. Bu günkü müzakirələr ilk növbədə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edən sənədlərə kölgə salmaq məqsədi daşıyır. Bu müzakirələr artıq uzun müddətdir ki, anti-azərbaycan mövqeyi ilə tanınan siyasətçilər tərəfindən gündəmə gətirilib. Bunu başa düşmək üçün Azərbaycanla bağlı məsələnin müzakirəsi zamanı parlamentin iclas zalına nəzər yetirmək kifayətdir. 751 parlament üzvündən bu müzakirə zamanı cəmi 10-12 nəfər iştirak edirdi. Bu deputatlar da məhz həmin mövzu ətrafında çıxış etmək üçün gələnlər idi. 

- Bu 10-12 nəfər kimlərdir, onların ölkəmiz əleyhinə çıxış etməsinin səbəbi nədir?  

- Bütün parlementlərdə olduğu kimi, Avropa Parlamentində də hər hansı parlament üzvünün istənilən məsələ ətrafında müzakirə açmaq, məsələ qaldırmaq hüququ var. Onların bu hüquqlardan istifadəsində heç bir qəbahət görmürük. Lakin bir qayda olaraq bu müzakirələri gündəmə gətirən deputatlar əslində ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsi adı altında daha çox Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi daşıyan kampaniyaların iştirakçılarıdır. Onların bir qismi uzun müddət ərzində Avropada təşkilatlanmış erməni lobbi təşkilatları ilə yaxından əməkdaşlıq edən, mütəmadi olaraq erməni təşkilatlarının tədbirlərində fəal iştirak edən, Avropa insitutlarında ermənilərin maraqlarını müdafiə edən siyasətçilərdir.  Buna əmin olmaq üçün çıxış edənlərin siyahısına nəzər salmaq kifayətdir. Məsələn, onlardan biri - Böyük Britaniyadan olan deputat Çarlz Tannok uzun illərdir ki, qatı ermənipərəst  mövqeyi ilə tanınan deputatdır. O dəfələrlə Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib. Azərbaycan höküməti, deputatları və vətəndaş cəmiyyətinin üzvləri dəfələrlə bu deputın fəaliyyətinə etirazını bildiriblər. Çarlz Tannokun Avropadakı erməni lobbi təşkilatları tərəfindən anti-azərbaycan fəaliyyətə cəlb olunduğu çoxdan hamıya məlumdur. 
Portuqaliyadan olan deputat Anna Qomez və eləcə də Çexiya respublikasından olan deputat Yaromir Ştetina da uzun illər ərzində ölkəmiz əleyhinə təbliğat aparan, özlərini Ermənistanın dostu adlandıran, dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmiş, Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərdə iştirak etmiş, Avropa parlamenti adından saxta bəyanatlar yayaraq separatçılara və işğalçılara mənəvi dəstək vermiş şəxslərdir. Bu deputatlar Azərbaycan əleyhinə istənilən müzakirələrin təşkilində, Azərbaycan əleyhinə qəbul oluna biləcək istənilən mənfi məzmunlu qərarların qəbulunda maraqlıdırlar.  Onlar mütəmadi olaraq Azərbaycanda sosial şəbəkədə yayılan, hüquqi əsası olmayan, dəqiqləşdirilməmiş neqativ məlumatlar əsasında qısa bir zamanda müzakirə açılmasına çalışırlar. Bu deputatların Avropa parlamenti üzvü olduqları bütün müddət ərzində göstərdikləri fəaliyyətə nəzər saldıqda, bu müzakirələrin Azərbaycan əleyhinə planlı şəkildə təşkil olunduğunu görməmək mümkün deyil.

- Müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyənlər oldumu?

-Əlbəttə, Azərbaycana səfər etmiş, ölkəmizdəki durumla yaxından tanış olan deputatlar, o cümlədən, Azərbaycan üzrə məruzəçi, eləcə də Parlament Əməkdaşlıq Komitəsinin həmsədri öz çıxışlarında qarşılıqlı əməkdaşlıq sahəsində, o cümlədən insan haqları ilə bağlı məsələlərdə uğurlar əldə olunduğunu diqqətə çatdırdılar. Birtərəfli qaydada tənqid etmək yox, iqtisadi münasibətlərimizdə olduğu kimi, digər istiqamətlərdə də, xüsusən insan haqları sahəsində də yaxından əməkdaşlıq etməyin daha faydalı olacağına inandıqlarını bildirdilər. Əslində biz özümüz də insan haqları ilə bağlı məsələnin gündəmə gətirilməsində maraqlıyıq və dəfələrlə 1 milyondan çox qaçqın və köçkünlərimizin ən adi insan haqlarından məhrum edildiyini, onların etnik təmizləməyə məruz qaldıqlarını, həyat, mülkiyyət, ləyaqət, şərəf, azadlıq və s hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişik. Bu hüquqların bərpa olunması üçün Avropa Parlamentini zəruri addımlar atmağa çağırmışıq. Təəssüflər olsun ki, Avropa bir milyondan çox soydaşımızın insan haqlarına münasibət bildirməkdə hələlik acizlik göstərir. Bu da onu göstərir ki, ölkəmizə qarşı insan haqları ilə bağlı iradlar və tənqidlər səsləndirən deputatlar heç də obyektiv mövqedən çıxış etmirlər.

- Qətnamədə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsinə və siyasi məhbusların buraxılmasına çağırış yer alıb. Sizcə bunun nəticəsi nə ola bilər? 

- Bəli, Qətnamədə Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması və siyasi məhbus hesab olunan insanların azad edilməsi haqqında çağırışlar səsləndirilib. Lakin eyni zamanda ölkəmizdə mətbuat və söz azadlığının təmin olunduğu, mətbuata, fikir və söz azadlığına qarşı senzuranın olmadığı həm ölkə əhalisinə, həm də Avropa Parlamenti üzvlərinin çoxuna yaxşı məlumdur. Azərbaycanda saysız-hesabsız elektron KİV-lər, mətbuat orqanları, qəzet və jurnallar fəaliyyət göstərir. 3 milyona yaxın insan social şəbəkə iştirakçılarıdır. Vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Minlərlə QHT-lər sərbəst və səmərəli fəaliyyət göstərirlər. Sadəcə mətbuat işçisi adından, jurnalist, QHT üzvü statsusundan sui-istifadə hallarına da rast gəlmək mümkündür. Belə hallar baş verdikdə söz və fikir azadlığı ilə, eləcə də şərəf və ləyaqətlə bağlı hüququn digər aspektləri meydana çıxır. Bəzi jurnalistlərin insan ləyaqətini və şərəfini alçaldan və yaxud qeyri-qanuni olaraq insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilən iddiaları hüquq müstəvisinə gətiriləndə qanun işə düşür. Qanunla qadağan olunmuş fəaliyyətlərin qarşısı isə hüquq mühafizə orqanları tərəfindən alınır. Bu zaman hüquqi məsuliyyətə cəlb edilən insanlar öz mövqelərini müdafiə etmək üçün insan haqlarının pozulmasını iddia edərək, onlara qarşı irəli sürülmüş ittihamlardan və məsuliyyətdən kənarda qalmağa çalışırlar. Təəsüf ki, Avropa parlamentinin bəzi üzvləri məsələlərin mahiyyətini bilmədən və bir qismi isə bilərəkdən, sosial şəbəkələrdə yayılan məlumatlara istinad etməklə bu məsələlər ətrafında müzakirələr açmağa müvəffəq olurlar. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan bütün dünyaya açıq ölkədir, biz həmişə Avropalı siyasətçiləri də dəqiq və düzgün məlumatlanmaq üçün ölkəmizə dəvət edirik və bir qayda olaraq həmin səfərlərdən sonra onlar bu kimi kampaniyalara daha adekvat reaksiya verirlər. Amma bəzi tənqidçilərimiz gəlib vəziyyəti yerində görməkdən və qiymətləndirməkdən də imtina edirlər. Bu isə o deməkdir ki, onların ölkəmizə münasibəti qərəzlidir və bizə düşmən mövqedə dayananların maraqlarına xidmət edirlər. 

-Bu müzakirələr Avropa parlamenti ilə Milli Məclis arasında münasibətlərə necə təsir edəcək və bundan sonra əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyini gözləmək olar? 

-Bu kimi hallara baxmayaraq, Avropa parlamenti ilə Milli Məclis arasında olan əməkdaşlıq uzun illərdir davam etdirilir. Qısa fasilədən sonra 2016-cı ildə bərpa olunan əməkdaşlıq bu günə qədər uğurla davam etdirilir və əminəm ki, yenə də davam etdiriləcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında faydalı strateji əməkdaşlıq mövcuddur və bu, iki tərəfin qanunverici orqanları arasında da öz əksini tapır. Belə ki, Parlament Əməkdaşlıq Komitəsi vasitəsilə Avropa parlamenti və Milli Məclis arasında sıx əməkdaşlıq var. Bunun əsasında hər iki parlamentin nümayəndə heyətləri mütəmadi görüşlər keçirir, hər iki tərəfi maraqlandıran çoxsaylı məsələlər müzakirəyə çıxarılır. Komitə iclaslarından biri keçən ilin may ayında Bakıda baş tutub. Növbəti komitə iclası yaxın aylarda Avropa parlamentində baş tutacaq. İnanıram ki, hər iki tərəfi maraqlandıran və ya narahat edən məsələlər bu iclasda müzakirə olunacaq. Avropalı həmkarlarımızla bu istiqamətdə geniş fikir mübadiləsi aparacağıq. 


Create Account



Log In Your Account