Apr 17 2020 15:08
Elshad Aliyev
Views: 218

Çinin 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” qəzetində "Çin və Azərbaycan koronavirusa qarşı birlikdə mübarizə aparır" adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, "Vzglyad.az" saytının baş redaktoru, "Eurasia.az" beynəlxalq ekspert klubunun direktoru Seymur Məmmədovun müəllifi olduğu məqalədə hazırda tüğyan edən koronavirus pandemiyasının dünyaya çox şeyi öyrətdiyi qeyd edilir. Müəllif xüsusi olaraq vurğulayır ki, Çin dünya ölkələrinə pandemiya şəraitində yardım əlini uzatmaqla həmrəylik nümayiş etdirdi. Azərbaycan da digər ölkələr kimi bu dost dəstəyindən kənarda qalmadı.

Məqalədə vurğulanır ki, Azərbaycan ilə Çin arasındakı tarixən mövcud olmuş sıx dostluq və əməkdaşlıq münasibətləri Çinin təşəbbüsü ilə gerçəkləşən "Bir kəmər, bir yol" layihəsi çərçivəsində daha da geniş vüsət alıb.

Aprel ayının Azərbaycan-Çin münasibətlərində xüsusi yeri olduğunu qeyd edən müəllif yazır ki, ayın 2-si tərəflər arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümü idi. Həmin əlamətdar gündə Azərbaycanın Xarici İşlər Nazirliyində epidemiya ilə mübarizəyə dəstək olaraq Çindən yardımın təqdim edilməsi mərasimi keçirilib. Bu və bu kimi tədbirlər Azərbaycan-Çin ikitərəfli münasibətlərinin hansı yüksək səviyyədə olmasını nümayiş etdirir.

Məqalədə Azərbaycanın yerli icra hakımiyyəti orqanlarının və ictimai təşkilatlarının Çinə tibbi maska, əlcək və digər ləvazimatlar göndərdiyi, Çinin epidemiya ilə mübarizəsinə dəstək məqsədilə videoçarxlar hazırlandığı xatırlanır. Bundan başqa, martın əvvəlində Çinin Xarici İşlər Nazirliyi və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin Avrasiya ölkələri ilə birgə təşkil etdiyi çoxtərəfli videokonfransda Azərbaycanın iştirakı vurğulanır. Bildirilir ki, Çin tərəfi Azərbaycana test yoxlamaları aparmaq üçün 5 min dəst, habelə Çinin müxtəlif fondları Azərbaycana fərdi qoruyucu vasitələr, maskalar, süni nəfəs aparatları, rəqəmsal termometrlər göndərib.

Məqalədə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində Çin Xalq Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunmasından da söz açılır, bu hadisənin Çin Xalq Respublikasında pandemiya qurbanlarının xatirəsinin yad edildiyi günlərə təsadüf etdiyi bildirilir.

Müəllif əminliklə vurğulayır ki, pandemiya ilə mübarizə şəraitində digər ölkələrə, o cümlədən Azərbaycana etdiyi yardımla Çin bir daha çox böyük etimad qazanmış oldu. Azərbaycan ilə Çin arasında pandemiya şəraitində dərinləşən ikitərəfli münasibətlər postböhran dövründə daha da inkişaf edəcək, "Bir kəmər, bir yol" təşəbbüsü yeni bir məna kəsb edəcək, ölkələrin Çinə və onun layihələrinə marağı daha da artacaq.


Create Account



Log In Your Account