Nov 18 2019 15:57
Elshad Aliyev
Views: 56

Görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans başlayıb.

"Report" xəbər verir ki, konfrans Mədəniyyət Nazirliyi, TÜRKSOY, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistan Respublikalarından dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları, müvafiq ölkələrin səfirləri, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və digərləri iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açılış nitqi ilə çıxış edərək bildirib ki, Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının Azərbaycana gəlməsi xalqımızın həyatında böyük hadisədir: "Mən inanıram ki, onlar bundan sonra da tez-tez Azərbaycana gələcək və xalqımızın Cəlil Məmmədquluzadə irsinə necə böyük sayğı ilə yanaşdığına daha yaxından şahid olacaqlar".

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirib ki, Cəlil Məmmədquluzadənin yaratdığı "Molla Nəsirəddin" satirik jurnalı cəmiyyətin maariflənməsində böyük rol oynayıb: "Bu jurnalla o, eyni adlı məktəbin əsasını qoyub. O, Azərbaycan ədəbiyyatını düşündürücü əsərlərilə zənginləşdirib. Onun dramları həyat həqiqətlərini, ictimai mühiti hərtərəfləri əks etdirən əvəzolunmaz əsərlərdir. Onun xatirəsini əbədiləşdirmək məqsədilə həm sovet dövründə, həm də müstəqillik illərində bir çox addımlar atılıb. Onun adı küçə, muzey, təhsil müəssisəsi və hətta rayona verilib. Cəlil Məmmədquluzadənin 100 illik yubileyi dünya miqyasında qeyd olunub. Bu il Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət işçiləri ilə görüşündə yazıçı Anar Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulmasını təklif edib. Hazırda bu istiqamətdə işlər görülür".

Daha sonra Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

AYB sədri Anar Rzayev qeyd edib ki, bəzən cəmiyyətdə Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir və başqaları haqqında naqis fikirlər səsləndirilir: "İddia edirlər ki, guya, bu adamlar Azərbaycan xalqını tənqid ediblər. Onlar bu xalqı ona görə tənqid ediblər ki, xalqımız cəhalətdən qurtulsun, onu əsarətdə saxlayan buxovları qırsın, dünyanın digər xalqları ilə bərabər ola bilsin. O baxımdan, biz Mirzə Cəlilin də nə qədər əhəmiyyətli olduğunu görürük".

Tədbir çıxışlarla davam etdirilib.

Konfransda Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” Elektron məlumat bazası da təqdim olunub.

TÜRKSOY tərəfindən Cəlil Məmmədquluzadənin davamçılarına həddiyələr verilib.

Sonda Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindən səhnəcik təqdim edilib.

Qeyd edək ki, konfrans iki gün davam edəcək.

Xatırladaq ki, 2019-cu il yanvarın 17-də Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.


Create Account



Log In Your Account