May 13 2020 14:06
Elshad Aliyev
Views: 56

Naxçıvan şəhərində yerləşən Cəmşid Naxçıvanski Muzeyinə onlayn ekskursiya təşkil edilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.

Muzeyin bələdçisi bildirib ki, görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri olmuş Cəmşid Naxçıvanskinin Muzeyinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Cəmşid Naxçıvanskinin keçdiyi döyüş yolunun, hərbi fəaliyyətinin təbliği, adının əbədiləşdirilməsi muzeyin yaradılmasının ən ümdə məqsədlərindən biri olub. Ulu Öndərimiz Azərbaycana birinci rəhbərliyi dövründə Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar 1981-ci il 8 avqust tarixli qərar imzalayıb. 22 oktyabr 1982-ci il tarixdə isə Naxçıvan şəhərində generalın muzeyi fəaliyyətə başlayıb. Yarandığı dövrdə cəmi 300 eksponata malik olan muzeyin fondunda bu gün 5400-dən çox eksponat qorunub saxlanılır. 500-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Buradakı hər eksponat generalın ömür yoluna işıq salır, onun keçdiyi hər döyüşdən, qazandığı hər qələbədən xəbər verir.

Qeyd olunub ki, muzey 6 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik, həmçinin hərbi təhsil illəri, Birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitablar, fotoşəkillər və digər eksponatlar müxtəlif bölmələrdə mühafizə edilir. Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş etdirilir.

Kəngərlilər nəslinin digər tanınmış hərb xadimləri barədə də ətraflı məlumat verən bələdçi vurğulayıb ki, həmin nəslin parlaq siması olan Cəmşid Naxçıvanskinin şücaəti, xalqı qarşısında, Vətənin müstəqilliyi uğrunda danılmaz xidmətləri hər zaman yüksək qiymətləndirilib. Generalın anadan olmasının 120 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 2 aprel tarixli Sərəncamı görkəmli şəxsiyyətə verilən dəyərin bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən muxtar respublikada hərb tariximizin unudulmaz simalarından olan Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbirləri keçirilib.

Diqqətə çatdırılıb ki, XX əsrin əvvəllərində Araz-Türk Respublikasının Naxçıvan şəhərindəki qərargahı, hazırda hərb tariximizdə xüsusi yeri olan Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid Naxçıvanski Muzeyinin binası XIX əsr tarix-mədəniyyət abidəsidir. Ötən il sentyabrın 23-də Cəmşid Naxçıvanski Muzeyi binasının yenidən qurulmadan sonra istifadəyə verilməsi Naxçıvanın tarixinə, mədəniyyətinə, görkəmli tarixi şəxsiyyətlərinə diqqət və qayğının ifadəsidir.

 


Create Account



Log In Your Account