Nov 26 2019 11:07
Elshad Aliyev
Views: 69

Cənubi Koreyanın Pusan şəhərində Cənubi Koreya-ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) xüsusi sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreya və ASEAN-a üzv olan 9 ölkənin liderinin iştirak etdiyi sammitə Kambocanın Baş Naziri ailə üzvlərindən birinin səhhəti ilə əlaqədar qatıla bilməyib.

İclasın sonunda "Sülh, tərəqqi və tərəfdaşlıq naminə birgə bəyannamə" qəbul olunub. Bu sənəd Cənubi Koreyanın ASEAN ölkələri ilə gələcək əməkdaşlığı üçün, xüsusən Prezident Mun Ce-inin "Yeni cənub siyasəti 2.0" adlı kampaniyası dövründə çərçivə rolunu oynayacaq.

Tərəflər ASEAN liderliyindəki mexanizmlərdən də istifadə etməklə Koreya yarımadasının tamamilə nüvə silahsızlaşdırılmasını və davamlı sülhün təminatını dəstəkləmək üçün dialoq və tərəfdaşlığı dərinləşdirməyi qərara alıblar. Sənəddə ASEAN-ın Koreya yarımadasında sülhün və sabitliyin təminatında konstruktiv rol oynamağa hazır olduğu qeyd edilib. Bundan başqa, tərəflər transmilli cinayətkarlıq, terrorizm, ekstremizm də daxil olmaqla təhlükəsizlik təhdidlərinə qarşı, habelə regionda rəqəmsal iqtisadiyyatın inkişafı üçün kibertəhlükəsizlik sahəsində əməkdaşlığı daha da möhkəmləndirməyi qərara alıblar.

Cənubi Koreya və ASEAN ümumi inkişaf üçün, xüsusən də ticarət və investisiya, kiçik və orta biznes, startaplar sahəsində də iqtisadi əməkdaşlığı təşviq edəcəklər. Onlar davamlı inkişaf və ətraf mühitin qorunması sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün hədəf müəyyən ediblər.

Cənubi Koreya Prezidenti Mun Ce-in sammitdəki çıxışında ölkələrin protektionizm və transmilli cinayətkarlıq da daxil olmaqla yeni təhdidlərlə qarşılaşdıqlarını, bunların öhdəsindən isə yalnız əməkdaşlıq və həmrəylik sayəsində gəlməyin mümkün olduğunu deyib.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Mun Ce-in 2017-ci ilin noyabrında hökumətinin əsasən ASEAN ölkələri ilə strateji əlaqələrini yeni səviyyəyə qaldırmağı hədəfləyən "Yeni cənub siyasəti"ni elan edib. O, artıq ASEAN-ın 10 ölkəsinə rəsmi səfər edərək özünün regional təşəbbüsünə bağlı olduğunu göstərib. Sammit çərçivəsində Mekonq çayının keçdiyi Kamboca, Laos, Myanma, Tailand və Vyetnamın daxil olduğu "Mekonq beşliyi"-Cənubi Koreya zirvə görüşü də təşkil olunacaq.

 


Create Account



Log In Your Account