Feb 24 2020 14:03
Elshad Aliyev
Views: 51

Cənubi Koreyada koronavirus epidemiyası parlamentin, hökumətin və məhkəmə orqanlarının fəaliyyətini iflic edib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, koronavirus daşıyıcısı olan bir nəfəri ötən həftə parlament forumunda iştirakı müəyyən edildikdən sonra qanunverici orqanın fevralın 24-də günün ikinci yarısına nəzərdə tutulan plenar iclası, Milli Assambleyanın komitələrinin iclasları və digər bütün tədbirlər təxirə salınıb. Məlum olub ki, ana müxalifət partiyasının parlamentdəki qrup rəhbəri Şim Ce-çul və onun müavini parlament forumunda virus daşıyıcısı olan şəxslə yaxın təmasda olub. Ona görə də hakim və ana müxalifət partiyaları Milli Assambleyanın iclasının təxirə salmaq barədə razılığa gəliblər. Cədvəl üzrə parlamentin bugünkü iclasında Baş Nazir və hökumət üzvlərinin iştirakı ilə ölkənin siyasi və milli təhlükəsizlik məsələləri müzakirə olunmalıydı. Parlament binasına girişlər məhdudlaşdırılıb, hamının qoruyucu maska taxması məcburi elan olunub.

Parlamentin növbəti iclasının vaxtı Şim Ce-çulun və digər bir deputatın koronavirusla əlaqədar analizlərinin nəticəsindən asılı olaraq müəyyən ediləcək.

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktıka Mərkəzinin məlumatına əsasən, ölkədə daha 70 nəfər yeni tip koronavirusa (COVİD-19) yoluxub. Bununla da Cənubi Koreyada COVİD-19-a yoluxanların sayı 833 nəfərə çatıb. Ölənlərin sayı isə 7-dir. Hazırda 12 minə yaxın insanın nümunələri koronavirus ehtimalı ilə əlaqədar analiz edilir. Hökumət koronavirusun sürətlə yayılması ilə əlaqədar xəbərdarlıq dərəcəsini ən yüksək səviyyəyə qaldırıb.

Ən çox yoluxma Cənubi Koreyanın 4-cü böyük şəhəri olan Dequda qeydə alınıb. Ölkənin aviasiya şirkətləri Dequya olan uçuşları martın 28-dək dayandırmağı qərara alıb.

Qeyd edək ki, sonradan koronavirus daşıyıcı olduğu təsdiqlənən 61 yaşlı qadının Dequdakı kilsələrin birinə baş çəkərək ibadətə gələn xeyli adamı yoluxdurduğu güman olunur. Yerli hakimiyyət orqanları həmin kilsədə ibadətdə olmuş 9,3 mindən çox adamı karantinə alıb, onlardan 1276 nəfərində koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin simptomları müşahidə olunub. Müvafiq qurumlar kilsədə ibadətdə olan 604 nəfər ilə hələ əlaqə yarada bilməyib.

 


Create Account



Log In Your Account