Apr 16 2020 11:43
Elshad Aliyev
Views: 73

Cənubi Koreyada hakim partiya parlament seçkilərində qalib gəlib.

APA-nın "Yonhap" agentliyinə istinadən verdiyi xəbərə görə, Cənubi Koreya Prezidenti Mun Çje İnin rəhbərlik etdiyi hakim partiya parlament seçkilərində səslərin mütləq əksəriyyətini qazanıb.

COVID-19 pandemiyası başladıqdan sonra dünyada ilk ümumrespublika səsverməsi olduğu üçün bu seçki diqqətlə izlənilib.

Hakimiyyət seçki öncəsi təhlükəsizlik tədbirləri çərçivəsində ölkədəki bütün - 14 000 seçki məntəqəsini dezinfeksiya edib. Seçicilərdən seçkiyə gələrkən tibbi maska taxmaq, hərarətlərini yoxlamaq, dezinfeksiyaedici maddələrdən istifadə etmək və əlcəklərdən istifadə etmək tələb olunub. Seçki məntəqələrində seçilər arasında ara məsafələri təmin olunub.

Milli Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçici fəallığı 66,2% təşkil edib ki, bu da 1992-ci ildən bəri ən yüksək göstəricidir. 

2800-ə yaxın koronavirus xəstəsinin elektron poçt vasitəsilə səs verməsinə şərait yaradılıb. Özünü təcrid edən 13 000-dən çox şəxs isə səsvermə başa çatdıqdan sonra səs veriblər.

Fevral ayında ölkədə durğun iqtisadiyyat və bir sıra daxili siyasi qalmaqallar hakim partiyanın mövqelərini zəiflətsə də, pandemiya meydana çıxdıqdan sonra administrasiyanın virusa qarşı böyük uğurlu kampaniyası Prezident Mun və onun partiyasının reytinqini artırıb.

Seçkinin nəticələrinə görə, hakim partiya 300 üzvdən ibarət olan bir palatalı parlamentdə 180 yer qazanıb, ötən seçkidə bu partiya 120 yer qazana bilib. Əsas müxalifət koalisiyası isə 103 yer qazanıb.


Create Account



Log In Your Account