May 08 2020 14:08
Elshad Aliyev
Views: 47

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların müalicəsi üçün yeddi preparatın sınağı keçirilir. AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Seulda Koreya Respublikası hökumətinin nümayəndəsi məlumat yayıb. Onun sözlərinə görə, sınaqlarda əldə olunacaq müsbət nəticə cari ilin sonlarına qədər effektiv dərmanın hazırlanmasına imkan yarada bilər. Həmçinin ölkədə 2020-ci ilin sonlarına qədər üç peyvəndin klinik sınaqları başlayacaq. Etibarlı peyvəndin 2021-ci ilin sonlarına hazır olacağı planlaşdırılır.

Hökumət sınaqların sürətlənməsi üçün Qırmızı Xaç Cəmiyyətinə tədqiqatlar üçün qan nümunələri götürməyə icazə verib. Əvvəllər bunu yalnız müəyyən klinikalar edə bilərdi. Tədqiqatların aparılmasını təmin etmək və viruslarla təhlükəsiz işləmək üçün özəl kompaniya və müəssisələr üçüncü təhlükəsizlik səviyyəli (BL3) bioloji laboratoriyalar açmağı planlaşdırırlar.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Pandemiyanın onlayn statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 13:00-a olan məlumatına əsasən, dünyada 3 milyon 930 mindən çox yoluxma və 270 min 880 ölüm faktı qeydə alınıb, 1 milyon 348 min 488 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.


Create Account



Log In Your Account