Apr 24 2020 14:06
Elshad Aliyev
Views: 60

Cənubi Koreyada yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının təkrəqəmli tendensiyası davam edir.

AZƏRTAC Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına istinadla xəbər verir ki, ötən sutka ərzində 6 yeni yoluxma faktı aşkarlanıb, ölüm qeydə alınmayıb. Cənubi Koreyada son 2 ayda ilk dəfə aprelin 19-da COVID-19 infeksiyasına təkrəqəmli yoluxma sayı qeydə alınıb. Bu hal aprelin 21-də və 24-də təkrarlanıb.

Son məlumata əsasən, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 10 min 708, ölənlərin sayı isə 240 nəfərdir. İndiyədək 8501 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkədə ilk yoluxma yanvarın 20-də qeydə alınıb, ən pik hədd isə fevralın 29-da olub - 909 nəfər. Cənubi Koreya hökuməti son günlər yoluxma hallarının kəskin azalmasına baxmayaraq əhaliyə sosial məsafə kampaniyasına sadiq qalmağa çağırıb. Bundan başqa, gələn həftədən etibarən özünütəcrid qaydalarını pozanlar elektron qolbaqlardan istifadə etməli olacaq. Qolbaq taxmaqdan imtina edənlər karantin yerlərinə yerləşdiriləcəklər. Hazırda evində özünü təcrid edənlərin sayı azalaraq 46 min 300 nəfərə düşüb.

Səlahiyyətli qurumlar xaricdən infeksiya axınının çoxalmasından narahatdır. Belə ki, indiyədək xaricdən gələn 1021 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Bu, ölkə üzrə yoluxma hallarının təxminən 10 faizidir.

Qeyd edək ki, yeni növ koronavirusun yayıldığı ilk vaxtlarda Cənubi Koreya Çindən sonra virusun ən çox tüğyan etdiyi ölkə idi. Amma hökumətin atdığı addımlar, o cümlədən sosial məsafə və özünütəcrid kampaniyası, ölkənin testetmə imkanları sayəsində virusun sürətlə yayılmasının qarşısı alınıb. Hökumət bəzi yumşaltmalarla karantin qaydalarının qüvvədəolma vaxtını mayın 5-dək uzadıb.


Create Account



Log In Your Account