Dec 05 2019 10:21
Elshad Aliyev
Views: 61

Cənubi Koreyadakı ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərclərinin müəyyən edilməsinə dair Vaşinqtonda keçirilən danışıqların 4-cü mərhələsi nəticəsiz başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin ikigünlük danışıqların yekununa dair yaydığı məlumatda rəsmi Seulun ABŞ hərbi kontingentinin saxlanma xərclərinin bölgüsünün ədalətli, əsaslandırılmış və qarşılıqlı qəbul edilən səviyyədə müəyyən olunmasını istədiyi bildirilib. Tərəflərin dekabrın sonunadək Seulda yenidən görüşməyə razılaşdıqları qeyd olunub.

Qeyd edək ki, müttəfiqlərin ABŞ qoşunlarının saxlanması xərcləri ilə bağlı ciddi fikir ayrılığı var. Bu səbəbdən ilin sonunun yaxınlaşmasına baxmayaraq, Birləşmiş Ştatların 28 min 500 nəfər şəxsi heyəti olan hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülməsinə dair konkret nəticə əldə edilməyib. Vaşinqton Cənubi Koreyanın ayıracağı vəsaitin 5 dəfə çoxaldılaraq 5 milyard ABŞ dolları səviyyəsinə çatdırılmasına təkid edir. Tramp administrasiyası Cənubi Koreyadan Amerika hərbçilərinin ailələrinə dəstək və birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı xərcləri ödəməyi xahiş edib. Cənubi Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaiti imkanlar daxilində və ədalətli şəkildə artıra biləcəyini bəyan edib.

Seul 2019-cu il üçün ABŞ qoşunlarının saxlanmasına 1,04 trilyon Koreya vonu (təxminən 873 milyon dollar) vəsait ayrılmasına razı olmuşdu ki, bu da əvvəlki illə müqayisədə 8,2 faiz çox olub.


Create Account



Log In Your Account