Feb 14 2017 10:58
Ulviyye Sabirqizi
Views: 1307

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri ilkin mərhələdə texniki tədqiqat işləri apararaq, təhlükəsizlik məqsədilə 4578 kvadratmetr perimetr xətti, kəndin içərisinə daxil olmaq üçün giriş yolları, yaşayış evləri və onların ətrafı, kommunikasiya xətlərinin keçəcəyi ərazilərdə təmizləmə əməliyyatları aparıblar.

CBC xəbər verir ki, təmizləmə əməliyyatları başlayandan indiyədək 62 min 66 kvadratmetr ərazi təmizlənib. 27 min 866 kvadratmetrlik sahədə işlər əl ilə və 34,2 min kvadratmetr ərazidə isə mexaniki üsulla aparılıb.

ANAMA əməkdaşları həmçinin 11 evdə mina təmizləmə işləri həyata keçiriblər. Bu müddətdə 5 partlamamış hərbi sursat tapılıb. 3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832” və 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843” aşkarlanaraq zərərsizləşdirilib.

Eyni zamanda, kəndin əkin üçün nəzərdə tutulmuş ərazisində də təmizləmə əməliyyatlarına start verilib. Əməliyyatlara 90 nəfərlik işçi heyəti, 10 minaaxtaran it və 3 mexaniki minatəmizləmə maşını cəlb olunub.

Cocuq Mərcanlı kəndinin ətrafında, gələcəkdə yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrində çoxlu sayda minanın mövcud olduğu aşkarlanıb.
 
Minatəmizləmə əməliyyatları yekunlaşdıqdan sonra Cocuq Mərcanlı kəndində tikinti-bərpa işlərinə başlanması nəzərdə tutulur. Xatırladaq ki, Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzalayıb. Bu məqsədlə 4 milyon manat vəsait ayrılıb. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.
 

 


Create Account



Log In Your Account