Apr 20 2020 13:53
Elshad Aliyev
Views: 85

COVID-19 virusunun kəskin yayılmasının qarşısının alınması məqsədilə sərhədlərin bağlanması xaricdə, eləcə də Fransada təhsil alan tələbələrə maddi çətinliklər yaradıb.

AZƏRTAC xəbər verir ki, Fransada fəaliyyət göstərən azərbaycanlı gənclərin “Alim” Elmi Assosiasiyası bu ölkədə maddi çətinliklə üzləşən tələbələrə kömək məqsədilə yardım kampaniyası keçirmək qərarına gəlib.

“Alim” Elmi Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı, eləcə də Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının dəstəyi ilə aprelin 5-də maddi yardım kampaniyası başlayıb.

Kampaniya çərçivəsində ümumilikdə 27 donor (fiziki və hüquqi şəxs) bank köçürməsi, eyni zamanda, Paypal və İzettle proqramları üzərindən bank kartı vasitəsilə ianə edib və yardım kampaniyasına qoşulub. Təşkilatçılar 27 tələbənin müraciətini nəzərdən keçirib və hər biri ilə individual olaraq telefon əlaqəsi yaradıblar. Tələbələrdən 20-nə maddi yardım köçürülüb.

“Alim” Elmi Assosiasiyası və Fransa-Azərbaycan Dialoqu Assosiasiyası yardım kampaniyasına kömək etmiş hər bir kəsə xüsusilə də Diaspora Komitəsinə, eləcə də UNESCO yanında daimi nümayəndəliyimizə, bu təşkilatda çalışan bütün diplomatlarımıza göstərdikləri dəstək və şəxsi ödənişə görə təşəkkürünü bildirirlər.


Create Account



Log In Your Account