Apr 29 2020 12:19
Elshad Aliyev
Views: 69

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə “COVID-19: Gənclərin onlayn fəaliyyətinin stimullaşdırılması” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, regional mərkəzin fəaliyyət coğrafiyasına aid ölkələrin 25 aparıcı gənclər təşkilatının iştirakı ilə keçirilən videokonfrans öz işinə müqəddəs Quranın ayələrinin oxunması ilə başlayıb.

Tədbirin açılışında regional mərkəzin baş direktoru Elməddin Mehdiyev, Əfqanıstanın İnformasiya və Mədəniyyət Nazirinin gənclər üzrə müavini Acmal Şapur, Tatarıstan Respublikasının Gənclər nazirinin müavini Timur Süleymanov və İndoneziya Gənclər Şurasının sədri, eləcə də Asiya-Afrika Gənclər Hökumətinin başçısı Tantan Tofiq Lubis çıxış ediblər. Konfransın davamında aparıcı gənclər təşkilatlarının rəhbərləri, o cümlədən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova və gənclərin fəaliyyəti sahəsində çalışan beynəlxalq ekspertlər müvafiq təqdimatlarla çıxış ediblər. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin baş direktorunun müavini Sevinc İskəndərova pandemiya ilə əlaqədar dünyada tətbiq edilən karantin rejimi dövründə regional mərkəzin yerli və beynəlxalq səviyyədə keçirdiyi fəaliyyətlərin nəticəsi və həmçinin yeni başlayacaq layihələr barədə iştirakçılara məlumat veriblər. Konfrans 10 ölkəni təmsil edən 25 gənclər təşkilatı nümayəndələrinin ümumi müzakirələrdə iştirakı ilə öz işini yekunlaşdırıb.

Konfransda çıxış edənlər vurğulayıblar ki, gənclər pandemiya şəraitindən irəli gələn fəsadlara cəmiyyətin ən çox məruz qalan seqmentlərindən biri olmalarına baxmayaraq, COVID-19 pandemiyasının yayılması ilə mübarizədə, həmçinin fəsadlarının aradan qaldırılmasında cəmiyyətdə ən fəal rol oynayırlar. Bu baxımdan, onların fəallığının təmin olunması dövlətlər və müxtəlif beynəlxalq qurumların qarşısında mühüm vəzifələrdən biridir.

Çıxışlar və müzakirələr zamanı pandemiya ilə mübarizədə Azərbaycanın və Qazaxıstanın, eləcə də Tatarıstan Respublikasının uğurlu nümunələri konfrans iştirakçıları tərəfindən təqdir olunub.


Create Account



Log In Your Account