Apr 30 2020 15:10
Elshad Aliyev
Views: 158

Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması və bundan daha az itki ilə çıxmaq üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. Lakin COVID-19 xəstəliyi uzunmüddətli olduğu üçün mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi olduqca vacibdir.

AZƏRTAC AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin bu barədə tövsiyələrini təqdim edir.

Biz gözəgörünməz bir düşmənlə vuruşuruq. Nağıllarımızda 7 başlı əjdaha obrazı var. Qəhrəman onun başlarından birini kəsəndə yerində 7-si bitir. Ancaq kəsilmiş başın yerini məşəllə dağladıqdan sonra qəhrəman qalib gəlir. Bizim məşəlimiz evdə qalmaq, mümkün qədər az insanla təmasda olmaqdır.

Çox təəssüf ki, karantin rejiminin yumşaldılmasını bir çoxları xəstəliyin bitməsi kimi anlayıb. Bu, olduqca təhlükəlidir. Azərbaycan Prezidenti İlham Əliyevin titanik səyləri nəticəsində əldə edilmiş müsbət dinamikanı əldən verə bilərik. Son günlərdə yoluxanların və sağalanların nisbətində xoşa gəlməyən dəyişiklik də bu fikri söyləməyə əsas verir.

Bir çox insanların məsuliyyətsizliyi təhlükəli tendensiya yarada bilər. Küçələrdə boş-boşuna gəzənlər də üstəlik. Bir çoxları başa düşmür ki, icazə ən zəruri hallar üçün verilir, küçələrdə gəzmək üçün yox. Məgər icazə olanda virus həmin adama yaxınlaşa bilmir?

Bəziləri aldığı 3 saat icazənin maksimum yarım saatını zəruri işlərinə, qalanını isə özü bildiyi kimi sərf edir. Onlarla maarifləndirmə işi necə aparılmalıdır? Axı küçədə boş-boşuna gəzən adam nə televizora baxır, nə qəzet oxuyur, nə sosial şəbəkələrə girir. Əksinə, dezinformasiya xarakterli mesajlara daha çox maraq göstərir, bu isə sayıqlığı azaldır.

Ona görə də şəhərdə səsgücləndiricilərdən istifadə yolu ilə adamları ciddi təhlükə barədə yenidən xəbərdar etmək lazımdır. Cərimələrin məbləği də çox humanistcəsinə müəyyən edilib. Qeyd edim ki, İtaliyada karantin qaydalarını pozan 500 avro cərimə olunur. Bu, təxminən 1000 manatdır.

Karantin pandemiya şəraitində hökumətimizin müəyyən etdiyi müvəqqəti qayda-qanundur. Qanunu pozan isə cinayət törətmiş olur. Əgər vətəndaş qanunun tələbinə qeyri-ciddi yanaşarsa, bu, fəlakət törədər. Cəzasızlıq cinayətin artmasına şərait yarada bilər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə aprelin 27-dən karantin rejimi məhdudiyyətlərinin bir qismi yumşaldılıb. Lakin insanlar arxayınlaşmamalıdır. Hələ də təhlükə bitməyib və qaydalara əməl etməmək virusun ikinci dalğasının yayılmasına səbəb ola bilər.

Həmçinin maarifləndirmə işinin davam etdirilməsini, dükanların mümkün qədər onlayn sistemdə fəaliyyət göstərməsinin təmin edilməsini, karantin tələblərinin pozulmasına görə cəzaların sərtləşdirilməsini, dezinformasiya və şayiə mənbələrinin üzə çıxarılaraq ciddi şəkildə cəzalandırılmağı və nəticəsi haqda mediada dolğun məlumat verilməsini tövsiyə edərdim.

Əgər bu fəlakətə qarşı mübarizədə azacıq da olsa fayda verə bilsək, dövlətimiz və xalqımız qarşısında xidmətimizlə fəxr edərik!


Create Account



Log In Your Account