May 20 2020 12:57
Elshad Aliyev
Views: 51

Qarşıdakı seçkilərdə ABŞ-ın dövlət başçısı postuna Demokratlar partiyasından namizəd olmağa çalışan sabiq vitse-prezident Cozef Bayden Oreqon ştatında keçirilən ilkin səsvermədə (praymeriz) qələbə qazanıb.

AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, səsvermə poçt vasitəsi ilə keçirilib. Seçicilər mayın 19-da ABŞ-ın Qərb sahili vaxtı ilə 20:00-da bülletenləri göndərməli idi. Praymerizdə demokratların milli qurultayında bu və ya digər siyasətçinin prezident postuna namizədliyini dəstəkləyəcək nümayəndələr seçilib.

Bülletenlərin 64 faizinin hesablanmasından sonra Cozef Bayden seçicilərin təxminən 70,7 faizinin səsini qazanıb. Aprelin 8-də seçkiöncəsi yarışdan çıxan senator Berni Sanders isə 18,3 faiz səs toplayıb. Vermont ştatından olan senator Berni Sanders mübarizəni tərk etdikdən sonra Cozef Baydenin demək olar ki, rəqibi qalmayıb. Lakin əvvəllər seçki yarışında iştirak edən bəzi siyasətçilərin adları əvvəlki kimi bülletenlərdə yer alır.

Qeyd edək ki, Demokratlar partiyasının rəhbərliyi iyulun 13-də Viskonsin ştatının Miluoki şəhərində keçirilməsi planlaşdırılan partiya qurultayını pandemiya ilə əlaqədar avqustun 17-20-nə təxirə salıb. Qurultayda Cozef Baydenin ali dövlət postuna namizədliyinin elan olunacağı gözlənilir. Qəzetin məlumatına görə, Cozef Bayden artıq milli qurultayın 1489 nümayəndəsinin dəstəyini qazanıb. İlk turda prezidentliyə namizəd olmaq üçün 1991 nümayəndənin səsini əldə etmək lazımdır.


Create Account



Log In Your Account