Jul 23 2019 15:36
Ferah Sabirqizi
Views: 41

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Mətbuatımızın yaranmasının 144-cü ilində müsahibəsində “reket jurnalistika” probleminə də toxunaraq bildirib ki, Şura yarandığı gündən «reket jurnalistika»ya qarşı mübarizə aparmaqdadır:

“2010-cu ilədək bu mübarizənin effekti daha çox görünürdü. 2010-cu ildən sonra yeni mənzərənin şahidi olduq. Səbəb internet mediadır. Əvvəla bir sıra neqativ ünsürlər «fəaliyyətlərini» internet media üzərinə keçiriblər.

Digər tərəfdən, sahənin belə demək mümkünsə, ələçatımlılığı başqalarını da həvəsləndirir. Nəticədə faktiki olaraq 2010-cu ilədək əldə etdiyimiz pozitiv meyllərin müəyyən mənada sıradan çıxdığını gördük. Hesab edirəm ki, «reket jurnalistika»nın kökünün tam kəsilməməsinin bir, özü də obyektiv səbəbi budur”.

MŞ sədri əlavə edib ki, ikinci səbəb də obyektivdir. Mübarizədə konkret hüquqi mexanizmlər mövcud deyil:

“Bir qədər öncə Mətbuat Şurası haqqında qanunun vacibliyini təsadüfən vurğulamadım. Qanun sahəyə kompleks yanaşmanı həyata keçirəcək. Təbii ki, məsuliyyət yaradacaq. İndiki məqamda vəziyyətdən ən optimal çıxış yolu budur”.

Ə. Amaşovun bu fikirlərini Mətbuat Şurası İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də təsdiqləyib. O, Modern.az-a açıqlamasında bildirib ki, Şuranın “reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir:

“Bu fəaliyyətlə məşğul olanlar əsasən, elektron media portallarına transfer olunub. Bu baxımdan onlarla mübarizə bir qədər çətinləşib. Dəfələrlə belə məsələni qaldırmışıq ki, qaydalar sərtləşməlidir.

Bir nəfər 5-10 elektron sayt yaradırsa, bu artıq başqa mövzudur. Hər hansı neqativ informasiyanı, “reketçiliy”ə xidmət edən məlumatı bir admin sayəsində bəzən 15 sayta yayımlayırlar. Bu məsələyə hüquqi müstəvidən yanaşılmalı, qanunvericiliklə təkmilləşdirib, tətbiq edilməlidir.  İstənilən halda Şuranın “reket nəşrlər”ə qarşı mübarizə sahəsində gördüyü işlər qənaətbəxşdir”.


Create Account



Log In Your Account