Nov 07 2019 11:42
Elshad Aliyev
Views: 39

Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən qurulub. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 km-dən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan  yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulub, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranıb.

Layihəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 36 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.

Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən müxtəlif diametrlərə malik 9 ədəd 120 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb və izolyasiya olunub, avtoqreyderlə 9300 paqon-metr küvetlərin açılması işləri görülüb.

Daha sonra tikinti norma və standartlarına uyğun olaraq torpaq yatağının avtoqreyderlə profilə salınması, 36 sm hündürlükdə karxana çınqılı və optimal  qum-qırmadaş  qarışığından əsasın  alt və üst layının 180 min kv.m sahədə tikintisi işləri görülüb. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 sm , üst layı isə 5 sm qalınlıqda iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınması, çiyin hissələrin 14 min kv.m sahədə optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri aparılıb, 22 yol birləşməsi təmir edilib.

Layihənin sonuncu mərhələsi çərçivəsində 5 yerdə avtobus dayanacağı qoyulub, hərkətin normal təşkili üçün 42 km göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılıb, 48 km yolcızgi və yol göstərici xətləri çəkilib.

13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi vətəndaşların rahat gediş-gəlişini təmin edir, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirir.

Qeyd edək ki, bundan öncə Qazax rayonunda dövlət başçısının sərəncamına əsasən, respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci km-dən ayrılan Cəfərli kəndinin yolu da əsaslı şəkildə yenidən qurulmuşdu. 7 km uzunluğa malik Cəfərli  avtomobil yolu  qara örtüklü olmaqla III texniki dərəcəlidir. Görülən işlər bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz yeni və müasir yol infrastrukturunun yaradılmasına imkan verib, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaratmaqla 5 minə yaxın vətəndaşın sosial rifah halına müsbət təsir göstərib.


Create Account



Log In Your Account