Nov 26 2019 13:00
Elshad Aliyev
Views: 73

Noyabrın 26-da BMT-nin Bakıda təşkil etdiyi konfransda Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrasında biznesin rolu əsas müzakirə mövzusu olub. Tədbirdə dövlət orqanlarının, biznes dairələrinin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin 80-ə yaxın nümayəndəsi iştirak edib.

AZƏRTAC xəbər verir ki, BMT-nin rezident əlaqələndiricisinin ofisi, UNİSEF, BMT-nin Qlobal Saziş təşkilatı, İnkişaf Proqramının birgə təşkil etdiyi konfransda BMT-nin Qlobal Sazişinin 10 prinsipinin biznes siyasəti və təcrübələrinə inteqrasiyasının əhəmiyyəti vurğulanıb.

Tədbir zamanı, UNİSEF, BMT-nin Qlobal Sazişi və “Save the Children” təşkilatlarının hazırladığı və uşaq hüquqlarının qorunmasını təşviq edən uşaq hüquqları və biznes prinsipləri də müzakirə olunub.

BMT-nin rezident əlaqələndiricisi əvəzi Edvard Karvardin bildirib ki, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi ilə əlaqədar yüksək nəticələrin əldə olunması bütün maliyyə mənbələrinin istifadə olunmasından asılıdır. O əlavə edib ki, getdikcə çətinləşən maliyyə şəraitində daxili və beynəlxalq mənbələrdən daxil olan fərqli ictimai və özəl sektor maliyyələşməsi dayanıqlı inkişafa nail olmaq işində vacib rol oynayır.

Konfrans çərçivəsində baş tutan seminarlar zamanı iştirakçılar dayanıqlı biznes təcrübələrinin uğurlu nümunələrini və Dayanıqlı İnkişaf Məqsədlərinin şirkətlərin maliyyə, əməliyyat və qərarların qəbulu proseslərinə inteqrasiyası yollarını müzakirə ediblər. Çıxış edənlər, həmçinin korporativ mühitdə gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsini təşviq edən prinsiplərin dəstəklənməsində biznesin rolu haqqında danışıblar.


Create Account



Log In Your Account