Jul 02 2020 17:51
Elshad Aliyev
Views: 143

AMEA Dendrologiya İnstitutunun təcrübə sahəsində Cillies sezalpiniyası becərilir. Praktik təbabətdə çox sayda bitki növləri ilə təmsil olunan fəsilələrdən biri də paxlakimilər - Fabaceae fəsiləsidir. Fəsiləyə 650-yə qədər cins, 18000-dən çox bitki növü daxildir. Fəsilə 3 yarımfəsiləyə bölünür: sezalpiniya - Caesalpinioideae, küstümotu - Mimosoideae və kəpənəkçiçəklilər - Papilionoideae. Paxlakimilərin arasında bir çox dərman bitkiləri də var. Sezalpiniyakimilərdən səna, kəpənəkçiçəklilərdən tüksüz biyan, yapon soforası və yoğunmeyvəli sofora, paxlakolu, gəvənin müxtəlif növləri və s. qiymətli dərman bitkiləri tibb praktikasında müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunur.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, paxlakimilər fəsiləsinin bitki növlərinin sayı baxımından ən böyük cinslərindən olan sezalpiniya cinsinə 500-dən çox bitki növü daxildir. Bu cinsə həmişəyaşıl və ya tökülən yarpaqlı kol, ağac, bəzən də lian bitkiləri aiddir. Onların əksəriyyətinin potensial farmakoloji aktivliyi hələ tədqiq edilməyib. Cinsin müxtəlif növlərindən flavonoidlər, diterpenlər və steroidlərə aid bioloji fəal birləşmələr alınıb. Bu növlər geniş farmakoloji təsir spektrinə malikdir. Onlardan müxtəlif ölkələrin tibb təcrübəsində xora əleyhinə, analgetik, antivirus, immunomodulyator, xərçəng əleyhinə, antibakterial, diabet əleyhinə, adaptogen, iltihab əleyhinə, qızdırmasalıcı, antimikrob və revmatizm əleyhinə təsirlərə malik vasitələr kimi geniş istifadə olunur. Üst səthin epidermisi çoxbucaqlı, düz, bəzən isə qılafları təsbehvari qalınlaşmış hüceyrələrdən ibarətdir. Hüceyrələrin kutikulası qat-qatdır. Yarpağın həm alt, həm də üst epidermisində sıra ilə yerləşmiş qara rəngli nöqtəvi piqment ləkələri var. Alt epidermisin hüceyrələrinin qılafları girintili-çıxıntılıdır. Ağızcıqlar epidermisin alt səthində yerləşir. Alt epidermisdə çoxlu miqdarda 4-7 silindrşəkilli, nazik qılaflı 3-6 sayda hüceyrələrdən təşkil olunmuş tükcüklərin yerləşməsi xarakterikdir. Toxumun eninə kəsiyinə mikroskopun kiçik böyütmə dərəcəsində baxdıqda nazik tünd-qonur zolaq, endosperm və iki ləpə şəklində iri rüşeym (rüşeymin kötüklərini toxumun ensiz ucunun kəsiyində görmək olur) müşahidə olunur. Mikroskopun böyük böyütmə dərəcəsində baxdıqda isə qabıqcığın qatları aydın görünür. Epidermis kutikulanın yoğun təbəqəsi ilə örtülmüş iri, dördkünc hüceyrələrdən ibarətdir, tərkibində selik maddələri var. Hüceyrələrin yan divarları girintili-çıxıntılıdır, seliklər şişdikdə bunlar düzəlir, partlayır və selik onlardan xaric olur. Epidermisin altında 1-2 sıra sıxılmış, aydın görünməyən parenxim hüceyrələri yerləşir. Üçüncü təbəqə mexaniki toxumadan ibarət olub, bir sıra çox yoğunlaşmış və odunlaşmış sarı hüceyrələrdən təşkil olunub. Mexaniki toxumanın altında ensiz nazik qılaflı hüceyrələr yerləşir, bunlar da eninə təbəqə adlanır. Kəsikdə onların quruluşu, demək olar ki, görünmür. Qabıqcığın ən daxili təbəqəsi piqment təbəqəsidir, bunlar da bir sıra çox yoğunlaşmış dördkünc hüceyrələrdən ibarətdir. Onların qılafları iri məsaməlidir, tərkibində isə tünd-qonur piqmentlər var. Toxumun endospermi çoxkünclü parenxim hüceyrələrdən təşkil olunub, bunlarda da çoxlu aleyron dənələri və piyli yağ var. Mikropreparata lyuqol məhlulu ilə təsir etdikdə aleyron dənələri xarakterik qızılı-sarı rəngə boyanır. Ləpələrin hüceyrələri nisbətən xırda və nazikdir. Bitkinin çiçəklərinin mikroskopik şəklində daha çox qırmızımtıl-sarı rəngli efir yağı vəzicikləri və sadə tükcüklər maraq kəsb edir.

 


Create Account



Log In Your Account