Jul 31 2020 15:31
Elshad Aliyev
Views: 385

Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi Soros fondunun dəstəyi ilə təmin edilib. Keçmiş ittifaq respublikalarında hakimiyyətlərə qarşı fəaliyyət göstərən “vətəndaş cəmiyyəti institutları” məhz bu fondun pulu ilə yaradılıb. Soros tərəfindən yaradılan strukturların köməyi ilə postsovet ölkələrində müxtəlif ideologiyalar formalaşıb. Bu ideyaları ekstremist təfəkkürə - faşist-millətçi, şovinist, irqçi və s. aid etmək olar. Halbuki, Soros fondu hər məsələni liberal və demokratik ideyalar adı altında təqdim edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, dövlətlərin əksəriyyətinin cəmiyyətlərində “Soros strukturları” vasitəsilə etiraz əhval-ruhiyyəsi, eləcə də fəaliyyəti ekstremist ideyaların artıq dövlət hakimiyyəti orqanlarına qarşı reallaşdırılmasına yönələn lobbi qrupları formalaşıb və formalaşmaqdadır.

Soros fondu öz fəaliyyətini, xüsusilə humanitar təhsil və siyasi maarifləndirmə sahəsində genişləndirib. Hazırda Rusiyada humanitar elmlərin nümayəndələri kitab və dərsliklərdən ekstremist yönlü “Soros ideyaları”na, eləcə də cəmiyyətin dağılmasına və əxlaqsızlığına səbəb olan digər fikirləri təmizləyirlər.

M.Cəfərovun sözlərinə görə, bu fondda ictimai şüur və ictimayi rəyin olduqca bacarıqlı siyasi-psixoloji manipulyatorları işləyir. Hazırda Ermənistan hakimiyyəti məhz Soros fondunun dəstəklədiyi şəxslərdən ibarətdir. Ermənistanın hakimiyyət nümayəndələrinin dünya ölkələrinin reaksiyasını yoxlamaq üçün Tovuz istiqamətində törətdiyi təxribata görə də Soros fondundan dəstək aldığı birmənalıdır. “Türkiyədə Ermənistanla sərhədin açılmasını dəstəkləyən qüvvələr var idi ki, orada bu fondun təsiri hiss olunurdu. Bu prizmadan baxsaq, Sorosun Paşinyan hakimiyyətini dəstəklədiyini görərik. Sorosun ictimai vətəndaş cəmiyyətlərinin əsas məqsədi hakimiyyətləri zəiflədib öz təsiri altına salmaqdır. Görünən odur ki, Ermənistanda bunu bacarıblar. Fond fəaliyyətini xeyriyyəçilik adı ilə pərdələsə də, artıq zamanla əsl mahiyyəti üzə çıxır. Ermənilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə dayağıdır”, - deyə deputat bildirib.

M.Cəfərov qeyd edib ki, bir sıra ölkələrdə Soros fondunun fəaliyyəti dayandırılıb, o, məhkəməyə verilib. Məsələn, 2002-ci ildə Paris məhkəməsi C.Sorosu “Societe Generale” bankı haqqında məxfi məlumatları bilməsindən sui-istifadə edərək onun səhmlərinin alqı-satqısından böyük qazanc götürdüyü üçün 2,2 milyon avro məbləğində cərimələyib.

Bildirilib ki, dünya mətbuatında Azərbaycana qarşı çıxan qərəzli yazıların da arxasında Soros fondunun maliyyələşdirdiyi erməni lobbisi dayanır. Açıq Cəmiyyət İnstitutu fəaliyyət göstərdiyi ölkələrdə jurnalist birliklərini, alimləri, hüquqşünasları, radioları, insan haqları dərnəklərini də maliyyələşdirir və ya bu qurumlar üçün mükafatlar təsis edir. Soros qrantının aludəçilərinə çevrilən bu mükafatçılar bu ölkələrdə fondun əsas dayağına və əlaltısına çevrilirlər.

Deputat qeyd edib ki, Avropadan “İnternational Media Support”, ABŞ-dan isə NED təşkilatının koordinatorluğu ilə Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasının əsas sponsorlarından biri də məhz C.Sorosdur. Hazırda Corc Sorosun fəaliyyəti çox ciddi şəkildə araşdırılmalı və onunla əlbir olaraq Azərbaycana qarşı çirkin kampaniya aparan erməni lobbisinin mənfur əməlləri ifşa olunmalıdır.

“Bütün bunlardan belə qənaətə gəlmək olar ki, C.Sorosun rəhbərlik etdiyi fondların, ona bağlı beynəlxalq təşkilatların Azərbaycana qarşı kampaniya aparmasında, ölkəmiz barədə dezinformasiyalar yaymasında başlıca niyyət erməni lobisnin məqsədlərinə xidmət etməkdir. Ancaq bütün səylərə baxmayaraq, bunlar indiyədək heç bir nəticə verməyib. Çünki Azərbaycan dövləti heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin",- deyə Müşfiq Cəfərov fikirlərini yekunlaşdırıb.

 


Create Account



Log In Your Account