Apr 15 2021 16:02
Elshad Aliyev
Views: 140

Dünya mediasının da vurğuladığı kimi, 44 günlük Vətən müharibəsində demək olar ki, hər iki tərəfin silah-sursatı, ağır texnikaları, hava hücumundan müdafiə vasitələrinin sayı az-çox bərabər idi. Lakin aradakı böyük fərq vətən sevgisi ilə döyüşən Azərbaycan Ordusunun ruh yüksəkliyi idi. Azərbaycanın bu qədər mürəkkəb hərbi əməliyyatlar şəraitində irəliləyəcəyini düşünməyən müşahidəçilər üçün bu nəticə gözlənilməz oldu.

Vətən müharibəsinin gedişində, xüsusilə Şuşa əməliyyatı düşmənin özünəinamını məhv etdi və onu sarsıtdı. İndi düşmənin qarşısında məğlub deyil, qalib Azərbaycan xalqı və Ordusu var. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, yüksək ordu quruculuğu, davamlı iqtisadi inkişaf sayəsində biz müharibəni Qələbə ilə başa çatdırdıq.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistan işğalçı siyasətindən əl çəkmədi. Amma Azərbaycan təbii ki, öz torpaqlarının itirilməsi ilə barışa bilməzdi və barışmadı da. Ölkəmiz 2014-cü ildən başlayaraq düşməni torpaqlarından qovmaq üçün mərhələ-mərhələ hazırlıq görülürdü. Əvvəlcə xalqın dəstəyi ilə genişmiqyaslı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, xarici təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Qələbənin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı.

Müşfiq Cəfərov vurğulayıb ki, nadirliyi ilə seçilən Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələsini özündə əks etdirir. Dünyanın əksər ölkələrində belə parklar fəaliyyət göstərir. Bu, turistlərin də marağına səbəb olur və onlar səyahət etdikləri ölkələrin şanlı tarixini əyani şəkildə görürlər.

“Bu gün Azərbaycan müharibə meydanında xalqımıza qarşı törədilən bütün soyqırımların, faciələrin, günahsız körpələrin, şəhidlərin, 1 milyona yaxın məcburi köçkünün qısasını almış oldu.

Hərbi Qənimətlər Parkında nümayiş etdirilən bütün qənimətlər göstərir ki, Azərbaycan Ordusu xalqımıza qarşı törədilən heç bir terror aktını unutmayıb. Bizi düşmənimizdən fərqləndirən əsas cəhət isə odur ki, biz sivil xalqla deyil, terrorçularla döyüşüb qələbə çaldıq. Qəhrəman Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, sivil insanlara qarşı isə mərhəmət göstərdi”, - deyə deputat qeyd edib.


Create Account



Log In Your Account