Jan 26 2019 12:45
Ferah Sabirqizi
Views: 209

Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova, deputatlar Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Tahir Mirkişili qurumun komitələrinin iclaslarında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsi ilə iqtisadi inteqrasiya, hüquqi normaların uyğunlaşdırılması və Avropa İttifaqı siyasəti ilə yaxınlaşma komitəsinin birgə iclasında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində innovasiya və islahatlar: problemlər və imkanlar”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımın stimullaşdırılması məqsədi ilə rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr keçiriləcək.

Enerji təhlükəsizliyi ilə siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında “Energetika sahəsində birgə yanaşma və uyğunlaşma”, “Şərq tərəfdaşlığı ölkələrində dövlət qurumlarının səmərəliliyi və demokratiyanın möhkəmləndirilməsi vasitəsi kimi parlament nəzarəti” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Deputatlarımız komitə iclasları ilə yanaşı, Belarusa dair işçi qrupunun iclasına da qatılacaqlar.

Nümayəndə heyətimizin üzvləri yığıncaqlarda qaldırılan məsələlərə dair öz fikirlərini açıqlayacaqlar.

Səfər yanvarın 31-də başa çatacaq.


Create Account



Log In Your Account