May 27 2021 12:05
Elshad Aliyev
Views: 118

“Layihədə Şuşa şəhərinin publik hüquqi şəxs tərəfindən idarə olunacağı qeyd olunub. Amma bizim Konstitusiyada yerlərdə idarəetməni icra hakimiyyəti və bələdiyyələr həyata keçirir. İdarəetmənin formasını Milli Məclisin dəyişmək hüququ yoxdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu məsələ tənzimlənməlidir: “İkincisi layihədə yazılıb ki, şəhərə giriş-çıxış tənzimlənəcək. Bu necə tənzimlənəcək? Maşınların, insanların ora giriş-çıxışı tənzimlənsə, orada böyük tıxac yaranacaq. Bu tənzimlənmə zamanı pul alınacaqmı? Yaxud kimlərin girişinə icazə veriləcək? Mən bilirəm ki, Azərbaycanda hər kəs gedib Şuşanı görmək istəyər. Şuşalıların ora qayıdışı təmin olunandan sonra bu məsələlər həllini necə tapacaq? Bu şəhər qoruq elan olunmaqla bütünlüklə şəhərin idarəetmə sistemini dəyişə bilmərik. Orada yaşayan insanların müvafiq idarəetməsi olmalıdır. Bu, Konstitusiyada əksini tapıb. Digər təklifim isə hər bir rayon mərkəzində bir universitet yaradılması ilə bağlıdır. Şuşa da bura daxildir. Universitetlərin bəzilərini hətta Bakıdan çıxartmaq da olar. Amma yeni universitetlər də tikilməlidir. Şəhərlərin yeni Baş planı hazırlanır. Ona görə bu məsələni qaldırdım”.

MM-in Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva deyib ki, vətəndaşlarımızın Şuşaya gediş-gəlişi üçün işlər yekunlaşmaq üzrədir.

Deputat qeyd edib ki, müzakirələrdə səsləndirilən təkliflər qanunun predmeti deyil: “Dövlət qoruğuna giriş-çıxışın tənzimlənməsi yeni anlayış deyil. İçərişəhər dövlət qoruğuna da giriş-çıxış tənzimlənir. İnsanlarımızın Şuşaya getməsində heç bir problem olmayacaq. Bu məsələ insanların Şuşaya gedib-gəlməsinə maneə olmayacaq”.

Q. Paşayeva vurğulayıb ki, Şuşa İcra Hakimiyyəti ləğv olunmayıb, bu gün də fəaliyyət göstərir: “Qanun layihəsində yalnız qoruğun idarə olunması nəzərdə tutulur”.

Deputat Siyavuş Novruzov bildirib ki, İçərişəhər Bakının Səbail rayonunun bir hissəsidir, layihədə isə Şuşa şəhəri bütövlükdə qoruq elan edilir.

Deputat qeyd edib ki, Şuşada 20 minə yaxın insanın yaşaması nəzərdə tutulur: “Bütün işğaldan azad edilmiş ərazilərə insanlarımız hansı qaydada köçürüləcəksə, Şuşada da eyni qaydada olmalıdır”.


Create Account



Log In Your Account