Apr 30 2021 15:02
Elshad Aliyev
Views: 107

Vətən müharibəsi dövründə hərbi əməliyyatların getdiyi ərazidən uzaqda yerləşən Gəncə şəhərinə, o cümlədən insanların sıx məskunlaşdığı Süleyman Rəhimov, Nəriman Nərimanov, Əli Nəzmi və 20 Yanvar küçələrinə, eləcə də digər ərazilərə edilən raket hücumları cinayətkar erməni dövlətinin iç üzünün və acizliyinin əyani sübutu idi. Düşmən hərbi birləşmələri ordumuzun uğurlu əməliyyatlarının qisasını dinc sakinlərdən almağa çalışırdı. Nə qədər ağrı-acılı olsa da, Gəncə sakinləri o dəhşətli günlərə baxmayaraq, heç nədən qorxmadılar, öz mətn duruşları ilə düşmənə meydan oxudular.

Artilleriya hücumları zamanı Gəncədə 3000-dən çox fərdi yaşayış evi və qeyri-yaşayış obyekti ya qismən zədələndi, ya da tamamilə məhv oldu. İctimai yerlər, yaşayış binaları dağıdıldı, nəqliyyat vasitələri və şəxsi əmlaka ciddi ziyan dəydi.

AZƏRTAC-ın əməkdaşı Gəncə şəhərində erməni terroru nəticəsində dağıntılara ən çox məruz qalan ərazilərdə olub, bərpa və təmir-tikinti işləri ilə maraqlanıb, sakinlərlə söhbət edib.

Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üzrə işlər bu gün də davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icra olunan bərpa və təmir-tikinti işləri yüksək keyfiyyətlə aparılır.

Evi tamamilə dağıdılmış şəhər sakini Abbas Həsənov o dəhşətli günləri belə xatırlayır: “Oktyabrın 4-ü idi. Marketdən alış-veriş edib, evə qayıdırdım. Küçəmizə tərəf dönəndə, xeyli məsafə olsa da, partlayış səsindən az qala qulağım batdı. Qaça-qaça evə tərəf getdim. Evimiz dağılmışdı. Ailəm də dağıntılar altında qalmışdı. Xoşbəxtlikdən ölüm hadisəsi olmadı. O anları hələ də unuda bilmirəm...”.

Abbas Həsənov evinin yenidən tikilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Deyir ki, ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evə baxış keçirilib, dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib olunub. “Sağ olsun dövlətimiz, bizə qayğı göstərərək köhnə, dağılmış evimizin yerində yenisini tikir. Sevincimizin həddi-hüdudu yoxdur. Çünki həm torpaqlarımız işğaldan azad olundu, həm də evimiz yenidən tikilir”, - deyə o əlavə edib.

Hazırda Gəncədə dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş 23 yaşayış evinin tikintisi ilə bağlı iş aparılır. 950-dən çox yaşayış və qeyri-yaşayış obyektində isə təmir-bərpa işləri gedir. Onların da bir qismində işlər artıq yekunlaşıb.

Terror aktı zamanı zərər çəkmiş Gəncə şəhər sakini Lilpar Hüseynov isə həmin ağır günlərdə belə düşməndən qorxmadıqlarını söyləyib. “Partlayış o qədər güclü oldu ki, pəncərələrimiz sındı. Evimizin bir tərəfi qismən dağıldı. Buna baxmayaraq, düşməndən qorxmadıq. Azərbaycan Prezidentinin də dediyim kimi, “dəmir yumruq” ilə onların başını əzdik”.

Hadisədən bir neçə gün sonra Lilpar Hüseynovun da evi dövlət tərəfindən qeydiyyata alınıb. Dövlətimizin başçısının tapşırığı ilə qısa müddətdə təmir-bərpa işlərinə start verilib. “Evimiz indi əvvəlkindən də yaxşı təmir olunur. Bir-iki günə təmir işləri tam yekunlaşacaq. Biz də yeni evimizə yığışacağıq”, - deyə o bildirib.

Xatırladaq ki, Vətən müharibəsi dövründə işğalçı Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ağır artilleriyadan - “Toçka-U”, “Smerç” və “Skad” raketləri ilə atəşə tutub. Düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan atəşə tutması nəticəsində qadınlar və uşaqlar da olmaqla, 30-dək dinc sakin həlak olub, 100-ə yaxın insan isə yaralanıb.

 


Create Account



Log In Your Account