Apr 03 2020 15:39
Elshad Aliyev
Views: 191

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyasının ən qızğın vaxtında Dağlıq Qarabağ ərazisindəki qondarma respublikada prezident və parlament seçkiləri keçirilir. Xatırladaq ki, bu separatist qurum dünyada müstəqil dövlət statusu almayıb və aşkardır ki, heç vaxt belə status almayacaq. Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı bütün bu cür tədbirlərin hüquqi qüvvəyə malik olmamasını bəyan edib, BMT-nin üzvləri olan Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran, Pakistan, Ukrayna, Gürcüstan və Estoniya isə bu seçkilərin keçirilməsi barədə qərarı pisləyiblər. RF Dövlət Dumasında bu vəziyyətə daha kəskin qiymət verilib.

"Dağlıq Qarabağda üzdəniraq seçkilərin necə nəticələnəcəyindən asılı olmayaraq, bu seçkilərin mənası yoxdur. Çünki onların nəticələrini nə beynəlxalq təşkilatlar, nə də dünya birliyi tanıyacaq", - deyən deputat Dmitri Savelyev bu tədbiri Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarını və münaqişənin nizamlanması prosesini növbəti dəfə uzatmaq cəhdi kimi qiymətləndirib.

Qeyri-legitim seçkilərin əsas təhlükəsi isə başqa məqamla bağlıdır. Dmitri Savelyev vurğulayıb: "Bütün dünya koronavirus pandemiyasına qarşı savaşdığı bir vaxtda saxta seçkilər keçirilməsi infeksiyanın yayılmasına səbəb ola bilər. Seçkilərin təşkilatçılarının dediyinə görə, Dağlıq Qarabağda COVID-19 virusuna yoluxma halları qeydə alınmayıb, lakin buna şübhə var: bu qondarma respublika Ermənistanla çox sıx inteqrasiya edib, Ermənistanda isə bir neçə yüz nəfər koronavirusa yoluxub. Bundan əlavə, hazırda Ermənistan bu infeksiyaya yoluxma göstəricisinə görə liderlik edən ölkələrdən biridir. Üstəlik, Dağlıq Qarabağın erməni icmasının bəzi üzvlərinin dediyinə görə, koronavirusa yoluxma hallarının əhalidən gizlədilməsi istisna olunmur, çünki qondarma respublikada tibbi heyət çatışmır, COVID-19-un təyin edilməsi üçün testlər yoxdur, səhiyyə sistemində isə ciddi problemlər var. Təsəvvür edin ki, əgər bu ərazinin Ermənistan vətəndaşı pasportuna malik olan sakinləri yaxın gələcəkdə qonşu regionlara və bütün dünyaya sərbəst gedib gələ bilsələr necə dəhşətli vəziyyət yaranacaq".

Rusiyalı parlamentari əmin olduğunu bildirib ki, əgər Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun işğalı məsələsi həll edilsəydi, epidemiyanın yenidən alovlanması riski sıfıra endirilərdi. Dmitri Savelyev deyib: "Azərbaycan Respublikasında yoluxanların sayı Ermənistanla müqayisədə xeyli azdır, Azərbaycan hökuməti bir-biri ilə kontaktlarını minimuma endirmək üçün misilsiz tədbirlər görür, hətta Bakı metropoliteninin işi dayandırılıb. Hesab edirəm ki, Azərbaycan səhiyyəsinin vəziyyəti və ölkədə karantin tətbiq edilməsi infeksiyaya yoluxma sürətini əhəmiyyətli dərəcədə azaltmağa, nəticə etibarilə onu tamamilə aradan qaldırmağa imkan verəcək".


Create Account



Log In Your Account