May 28 2021 12:20
Elshad Aliyev
Views: 146

Diasporla İş üzrə Dövlət Komitəsinin “28 May-Respublika Günü” münasibətilə təşkil etdiyi virtual konfransa 58 ölkədən 367 nəfər yaxın soydaşımız, o cümlədən cümhuriyyət xadimlərinin müxtəlif ölkələrdə yaşayan varisləri, eyni zamanda ikinci Qarabağ müharibəsi qəhrəmanlarının yaxınları, şəhid ailələrinin üzvləri, “Karabakh is Azerbaijan” platformasının təmsilçiləri, diaspor könüllüləri qatılıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dünya azərbaycanlılarını Respublika Günü münasibəti ilə təbrik edən Komitə sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən savaşında qazandığı misilsiz zəfərdən danışıb, dünya azərbaycanlılarının Vətən müharibəsi dövründəki aktiv fəaliyyətinin yüksək qiymətləndiridiyini bildirib.

Konfrans iştirakçıları Azərbaycanın dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində son günlər Ermənistanın törətdiyi təxribata diqqət çəkib, dövlət sərhədindəki insidentlə əlaqədar dünya ictimaiyyətinin operativ və obyektiv məlumatlandırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Müsəlman aləmində ilk demokratik respublikanın yaradımasından danışan komitə sədri sonrakı dövrlərə də diqqət yönəldərək bildirib ki, Azərbaycan xalqı 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etməklə, müstəqilliyimizin bərpasına və möhkəmlənməsinə böyük töhfə vermiş oldu.

Konfrans iştirakçıları 2018-ci ildə “Azərbaycan Xalq Cumhuruyyətinin 100 illiyi” yubiley medalının təsis olunmasını, bu medalın Azərbaycandan kənarda yaşayan soydaşlarımıza da təqdim olunmasını dövlətimizin Cümhuriyyətə və onun varislərinə verdiyi yüksək dəyər kimi qiymətləndiriblər.

Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalı ilə bağlı təəssüratlarını bölüşən soydaşlarımız qeyd ediblər ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə təqdim olunması, xalqımızın qeyri-maddi mədəni irsinin dünya səviyyəsində təbliğ olunması istiqamətində Heydər Əliyev Fondunun, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri xüsusi önəm kəsb edir. Məhz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş tarixi festival bir daha sübut etdi ki, Azərbaycan bu torpaqda yaşayan hər kəsin bölünməz Vətənidir.

Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan varisi Mariya xan Xoyskaya deyib: “Mən çox şadam ki, Azərbaycan dünyada öz layiqli yerini tutub və onun parlaq gələcəyi var”.

Türkiyənin görkəmli hərbi və siyasi xadimi Kazım Qarabəkirin nəslinin davamçısı Timsal Qarabəkir Kazım bəyin hərbi fəaliyyətinin Naxçıvanla bağlı dövrünü xatırladıb, türk bayraqlarının dünyada əbədi dalğalanacağına böyük inamını ifadə edib, Qarabağın azad olunması münasibətilə təbriklərini çatdırıb.

Əhməd Cavadın İsraildə yaşayan nəvəsi Yaqut Abdullayeva da Azərbaycana sevgisini ifadə edib, dünya azərbaycanlılarına əbədi birlik arzulayıb.

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunduğuna görə bu il Respublika Günü bütün azərbaycanlılar üçün ikiqat bayramdır” - deyən soydaşlarımız böyük fəxarət hissi ilə bildiriblər ki, tam müstəqil siyasət aparan Azərbaycan kimi qüdrətli bir dövlətimiz var. “Qarabağ Azərbaycandır!” şüarı dəyişməz həqiqəti ifadə edir və dünya artıq bu reallığı qəbul edib. Hər birimiz bundan sonra da ölkəmizi sevə-sevə təbliğ edəcək, onun beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində dəstəyimizi əsirgəməyəcək, Vətən savaşında qazandığımız tarixi Zəfərin möhkəmləndirdiyi diaspor həmrəyliyini var gücümüzlə qoruyacağıq.

Konfrans boyu Cümhuriyyətdən Respublikaya qədər böyük bir dövrü əhatə edən videoçarx nümayiş olunub, birlik və həmrəyliyi tərənnüm edən musiqilər səsləndirilib.


Create Account



Log In Your Account