May 18 2020 16:41
Elshad Aliyev
Views: 156

Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması, orada saxta seçkilərin keçirilməsi və Şuşada planlaşdırılan andiçmə mərasimi erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğalçı rejim beynəlxalq hüquqa nəinki hörmət bəsləmir, bu hüququ nümayişkaranə şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamına açıq hörmətsizlik edir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə mərasiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı “rejim”in rəhbəri Araik Arutunyanın Şuşada planlaşdırılan “andiçmə mərasimi” ilə bağlı açıqlamasında deyib.

Bu addımı ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirən polkovnik Cəlil Xəlilov qeyd edib ki, mayın 21-də Şuşada keçirilməsi planlaşdırılan andiçmə mərasimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurmaqla yanaşı, düşmənin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir. Şuşada belə bir tədbirin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin sülh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir. Ona görə dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələri işə salmalı, ona qarşı sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir.

Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, proseslərin bu şəkildə gedişi Azərbaycanın səbir kasasını daşıra bilər. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və lazım gələrsə problemin həlli üçün bütün vasitələri sınaqdan çıxaracaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günədək təxribatları problemə hərbi kontekstdə yanaşmaq zərurətini artırır.

“Azərbaycan güclü orduya malikdir. 2016-cı ilin Aprel döyüşləri də göstərdi ki, Azərbaycan Ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətlisinə hazır olmalıdır”, - deyə Cəlil Xəlilov vurğulayıb.


Create Account



Log In Your Account