Nov 21 2017 11:20
Ferah Sabirqizi
Views: 511

Çempionlar liqasının qarşılaşmasında iştirak etmək üçün Britaniyanın “Çelsi” futbol klubu Bakıya gəlib. Azərbaycanın Avropadakı fəxri “Qarabağ”la cavab oyunu sabah Bakı Olimpiya Stadionunda baş tutacaq.

“Qarabağ” bu il Çempionlar liqasının qrup mərhələsinə yüksəlməklə ilk Azərbaycan klubu kimi adını ölkəmizin futbol tarixinə yazdırıb. “Qarabağ” Çempionlar liqasında iştirak edən klublar arasında ev stadionu işğal altında olan yeganə klubdur. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Ağdam şəhərinin adından çıxış edən komanda, əslində, Azərbaycanın işğal altında olan bütün Dağlıq Qarabağ regionunu təmsil edir. “Qarabağ” öz rəqiblərini işğal faktına görə Bakıda qəbul etəmyə məcburdur. Ona görə, bu klubun beynəlxalq arenadakı uğurları dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsindən və bu regionun əslində kimə məxsus olmasından məlumatlandırır. Bu klub Azərbaycanda həm kədəri, həm də sevinci özündə birləşdirən xüsusi statusa malikdir.

Ağdam təmsilçisinin bir çox nüfuzlu və böyük büdcəli komandalar üçün belə əlçatmaz olan Çempionlar liqasının qrup mərhələsinə yüksəlməsi Azərbaycanda futbola göstərilən dövlət qayğısı sayəsində mümkün olub.

Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb. Bu komandalar əsasən Bakının iri neft sənayesi şirkətlərini təmsil ediblər. İlk rəsmi çempionat isə Bakıda 1911-ci ildə keçirilib. Çempionatın ilk qalibi İngiltərə Neft Şirkətinin "Britaniya Klubu" komandası olub. 1912-ci ildə "Bakı" komandası Tbilisidə "Sokol" komandasına qarşı ilk beynəlxalq oyununu keçirib və 4:2 hesabı ilə qalib gəlib. Azərbaycanın futbol yığması özünün ilk yoldaşlıq oyunlarını 1929-cu ildə Tehranda İran yığmasına qarşı keçirib və həmin oyunlarda 4:0, 4:1 və 11:0 hesabı ilə üç böyük qələbə qazanıb. 1966-cı il Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılıb. Bakının "Neftçi" komandası SSRİ çempionatında 3-cü yeri tutaraq bürünc medal qazanıb. 1966-cı ildə Bakı komandasının iki oyunçusu SSRİ yığmasının tərkibində İngiltərədə keçirilən dünya çempionatında iştirak edib. Onlardan biri - unudulmaz Anatoli Banişevski qol vurub. Həmin dünya çempionatında sovet komandası ilk dəfə 4-cü yeri tutub. SSRİ-nin ilk yığmasında "Neftçi"nin 8 oyunçusu çıxış edib. Bu komandanın tərkibində onlar bir-birinin ardınca 76 oyun keçiriblər və 26 qol vurublar. Azərbaycan dünya futboluna bir çox parlaq adlar bəxş edib. Valeri Pançik SSRİ-nin Olimpiya komandasının kapitanı olub, İqor Ponomaryov isə, 1998-ci ildə Seul Olimpiadasının qızıl medalını qazanıb. Ələkbər Məmmədov dörd dəfə SSRİ çempionu, əməkdar idman ustası və əməkdar məşqçi adını qazanmış yeganə Azərbaycan futbolçusudur. Onun ən böyük uğuru 1955-ci ildə İtaliyada yerli çempion "Milan"ın qapısına bir oyunda vurduğu 4 qol qolub. Azərbaycan futbolundan danışarkən, görkəmli hakim Tofiq Bəhramovun adı xüsusi olaraq çəkilir. Futbol üzrə dünya çempionatında hakimlik etmiş ikinci sovet hakimi kimi taixə düşən Tofiq Bəhramovun ən böyük uğuru 1966-cı il dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyununda olub. Onun mübahisəli vəziyyətdə məsuliyyəti üzərinə götürərək verdiyi tarixi qərar indiyədək yaddaşlardan silinməyib.

Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası  yaradılıb. Futbol üzrə Azərbaycan yığması 1996-cı ildən Avropa çempionatının seçmə oyunlarında iştirak etməyə başlayıb. 2005 və 2006-cı illər Azərbaycan komandaları üçün uğurlu olub. MDB və Baltikyanı ölkələrin çempionları arasında keçirilən "Birlik kuboku"nda Azərbaycanı təmsil edən "Neftçi" ölkəmizin tarixində ilk dəfə əvvəlcə gümüş, sonrakı ildə isə qızıl medal qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla "2006-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı üzrə Dövlət Proqramı" təsdiqlənib. Proqramın başlıca istiqamətlərindən biri uşaq futbolunun inkişafı üzrə tədbirlərin görülməsidir. Bununla əlaqədar ölkənin şəhər və rayonlarında 20 üstüörtülü idman meydançası tikilib. Ölkənin futbol klubları möhkəmləndirilir, maddi-texniki baza inkişaf edir. Dünyada ən məşhur və ən sevilən idman növü olan futbol Azərbaycanda sürətlə inkişaf edir. Tofiq Bəhramov adına Respublika stadionu bir neçə il əvvəl əsaslı təmir olunub. Paytaxtla yanaşı, bölgələrdə də stadionlar, idman qurğuları tikilir.

Azərbaycanda ilk Futbol Akademiyası UEFA və AFFA-nın maliyyə dəstəyi ilə ölkədə uşaq futbolunun inkişafı məqsədilə tikilib. Akademiyanın rəsmi açılış mərasimi 2009-cu il fevralın 23-də FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik, FİFA-nın texniki direktoru Jan Mişel Benezit, AFFA prezidenti Rövnəq Abdullayev, futbol veteranları və digər rəsmi şəxslərin iştirakı ilə keçirilib.

Ağdam təmsilçisi “Qarabağ” futbol klubunun Çempionlar liqasının qrup mərhələsində iştirakı  son illər ərzində Azərbaycanda idman sahəsində görülən işlərin nəticəsidir. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. Dövlətin Azərbaycan futboluna ən böyük töhfələrindən biri Bakı Olimpiya stadionunun tikilərək istifadəyə verilməsi oldu. 65 min yerlik bu stadionda Azərbaycan millisi ilə yanaşı, “Qarabağ” futbol klubu da Çempionlar Liqasındakı oyunlarını keçirir.

 


Create Account



Log In Your Account