Jan 26 2021 20:46
Bakhtiyar Hasanov
Views: 75

Yanvarın 25-dən 29-dək Dünya İqtisadi Forumunun “Davos gündəliyi 2021” adlı tədbiri keçirilir. Hər il baş tutan ənənəvi Davos İqtisadi Forumu bu il pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri səbəbindən virtual formada öz işinə davam edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ayhan Satıcı AZƏRTAC-a bildirib ki, tədbir çərçivəsində bir çox iqtisadi, sosial, ekoloji və texnoloji məsələlər, o cümlədən, iqtisadiyyatın davamlı inkişaf sistemləri, sənaye transformasiyası və inkişafı, qlobal resurs idarəçiliyinin inkişafı, Dördüncü Sənaye İnqilabının texnoloji imkanları, qlobal və regional əməkdaşlığın inkişafı kimi mövzular ətrafında dünya liderlərinin, iş adamlarının, beynəlxalq təşkilat üzvlərinin və sair iştirakçıların müzakirəsi olacaq. Pandemiyanın qlobal səviyyədə yaratdığı sistematik dəyişikliklər, 2020-ci ildə ortaya çıxan problemlər və 2021-ci ildə bəşəriyyəti gözləyən digər aktual məsələlər də forumun müzakirə mövzularındandır. Həmçinin “Davos gündəliyi” çərçivəsində COVID-19 pandemiyasının vurduğu zərərlərin minimallaşdırılması üçün innovativ, dayanıqlı və inkişafa meylli institusional yanaşmaların müzakirəsi də gözlənilir. “Davos gündəliyi 2021” tədbiri Dünya İqtisadi Forumunun “Böyük Sıfırlama Təşəbbüsü”nün başlamasına və yazda baş tutması gözlənilən xüsusi illik görüşün hazırlıqlarına öz töhfəsini verəcək.

O qeyd edib ki, “Davos gündəliyi 2021”in bu il çatdırmaq istədiyi əsas mesajlardan biri “İnamın bərpa edilməsi üçün həlledici il” (A Crucial Year to Rebuild Trust) mövzusudur. Tədbir 70 ölkəni əhatə edən 1500-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə 5 proqram mövzusundan ibarət olacaq. Həmin proqramların hər mövzusunun bir gün olaraq yanvarın 25-29-da keçirilməsi planlaşdırılıb. Belə ki, “Davamlı və dayanıqlı iqtisadi sistemlərin dizaynı”, “Məsuliyyətli sənaye transformasiyası və inkişafı”, “Qlobal resurs idarəçiliyin inkişafı”, “Dördüncü Sənaye İnqilabının texnoloji imkanları” və “Qlobal və regional əməkdaşlıqların inkişafı” mövzuları müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Dünya İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə yaradılıb. Forum steykholder kapitalizmi ideyasını davamlı olaraq müdafiə və təbliğ edir. Forumun rəhbəri professor K.Şvabın müdafiə etdiyi steykholder kapitalizmi bütün maraqlı tərəflər (steykholderlərin) maraqlarının qorunmasını iqtisadi inkişaf üçün vacib hesab edir. Forumun hər il keçirilməsində əsas məqsəd ‎dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, ‎iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini, aktual problemləri və gələcəklə bağlı gözləntiləri müzakirə etməkdir.


Create Account



Log In Your Account