Mar 06 2020 13:24
Elshad Aliyev
Views: 40

Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Gebreyesus koronavirus epidemiyasına qarşı mübarizədə hökumətləri müvafiq nazirliklərlə sıx əməkdaşlıq şəraitində çalışmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, Cenevrədə keçirilən mətbuat konfransında DST rəhbəri Dünya Bankı ilə birlikdə bütün ölkələri bu istiqamətdə hazırlıqlara dəstək göstərəcəklərini vəd edib. O, bildirib ki, virusun nə dərəcədə təhlükəli olması və nə qədər insan tələfatı ilə nəticələnməsi ayrı-ayrı ölkələrin infeksiyanı vaxtında aşkarlama, pasiyentləri karantinə alma və digər ehtiyat tədbirlərini həyata keçirmək gücündən asılıdır.

Təşkilat rəhbəri eyni zamanda Çinin və bir sıra digər ölkələrin koronavirusla mübarizədəki səylərini də yüksək qiymətləndirib. Bildirilib ki, bu ölkələrin təcrübəsi xəstəliyin yayılmasının dayandırıla biləcəyini göstərir. Buna görə də Tedros Adhanom Gebreyesus bütün dünyanı əhatə edən pandemiya təhlükəsi olmadığı və bu epidemiyanın qarşısının alınmasının mümkünlüyü ifadə edib: ”İndi təslim olmaq və ya bəhanələr məqamı deyil. İndi bütün qüvvələri səfərbər etmək məqamıdır”.

DST rəhbəri koronavirusla mübarizədə mətbuatın roluna da toxunub və həqiqətləri yayan media qurumlarına təşəkkür edib. O, bildirib ki, şaiyələr və yalan məlumatlara qarşı mübarizə epidemiyaya qarşı mübarizənin olduqca mühüm tərkib hissəsidir.


Create Account



Log In Your Account