Mar 13 2020 12:24
Elshad Aliyev
Views: 39

Nyu-York fond birjasında keçirilən hərrac sessiyasının nəticələrinə əsasən, 1987-ci ilin oktyabr ayından bəri qeydə alınan əsas indekslərin ucuzlaşması səbəbindən dünyanın ən varlı 20 insanı bir sutka ərzində təqribən 78 milyard dollar itirib.

AZƏRTAC “Forbes” nəşrinə istinadla xəbər verir ki, ekspertlərin hesablamalarına görə, ən çox itki aksiyaları 8 faiz ucuzlaşdıqdan sonra demək olar, 8 milyard dollar itirən “Amazon” korporasiyasının rəhbəri Ceff Bezosun payına düşüb. Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyasının Baş direktoru Bernar Arnonun varidatı isə sutka ərzində 7,7 milyard dollar azalıb.

“Forbes” jurnalının siyahısında, həmçinin 5,7 milyard dollar itirən “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq və kapitalı 5,6 milyard dollar azalan milyarder Larri Ellison da var.

Martın 12-də yeni koronovirusun yayılması ilə bağlı təlaşlar fonunda Nyu-York fond birjasında keçirilən hərrac sessiyasının nəticələrinə əsasən dünyanın əsas indeksləri 9 faizdən də çox ucuzlaşıb. Bu, 1987-ci ilin oktyabr ayından indiyədək qeydə alınan ən böyük ucuzlaşmadır.

Ticarət meydançasının saytında yayılan məlumata görə, Amerikanın iqtisadiyyat indeksi “Dow Jones” 2352,60 bənd (-9,99%) itirərək 21200,62 göstəricisində dayanıb. ABŞ bazarının ən iri 500 kompaniyasını birləşdirən S&P 500 indeksi 260,74 bənd (-9,51%) ucuzlaşaraq 2480,64 səviyyəsinə enib. “Nasdaq” elektron birjasının indeksi isə 750,25 bənd (-9,43%) itirərək 7201,80 bənddə qərarlaşıb.

 


Create Account



Log In Your Account