Dec 06 2017 13:09
Ferah Sabirqizi
Views: 126

2017-ci ilin 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar 6 dekabr tarixində elan edilib.

Qeyd etmək lazımdır ki, sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib.
Qiymətləndirici Orqanın müsbət rəyinə baxmayaraq müzakirələr zamanı Ermənistan tərəfi Komitə üzvlüyünü öz təxribatçı məqsədləri üçün istifadə edərək fayla qarşı çıxış etmişdir. Lakin Azərbaycan Nümayəndə Heyətinin səyləri və Komitənin digər üzvlərinin konstruktiv mövqeyi nəticəsində fayla heç bir müdaxilə edilməyib. 

Azərbaycan Nümayəndə Heyəti adından çıxış edən ölkəmizin UNESCO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov Azərbaycan xalqının qonaqpərvərlik, dostluq, mehribanlıq mədəniyyətinin əsas simvollarından biri olan Dolmanın bişirilmə və paylaşma ənənəsinin ölkəmizin sərhədlərindən daha geniş çoğrafiyanın əhatə etdiyini yüzilliklər boyu nəsillərdən nəsilə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırdı. Azərbaycan Hökuməti adından UNESCO Qiymətləndirmə Orqanına və Komitəyə xalqımızın mədəni dəyəri olan bu mətbəx nümunəsinin dəstəklədiklərinə görə təşəkkürünü bildirdi. 

Səfir həmçinin Ermənistanın həmişə olduğu kimi bu dəfə də Komitədəki üzvlüyündən sui-istifadə edərək öz çirkin siyasi oyununu aparmaqda və əsassız iddialarını irəli sürməkdə davam etdirdiyini, işğalçılıq siyasətini mədəniyyət sahəsində də tətbiq etdiyini qeyd etdi. Buna baxmayaraq səfir Komitə tərəfindən  bu nomunasiya üzrə ədalətli qərarın qəbul edildiyini alqışladı. Həmçinin nominasiyada ölkəmizin Qarabağ bölgəsinə istinadlara dair Ermənistan tərəfinin əsassız etirazlarına cavab olaraq səfir Anar Kərimov qəti şəkildə vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü heç bir beynəlxalq platformalarda, o cümlədən UNESCO çərçivəsində sual altına qoyula bilməz və o, bu xüsusda BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı məlum dörd qətnaməsini qeyd edib. Bu səbəbdən nominasiyada Azərbaycan Respublikasının Qarabağ bölgəsinə istinadların heç kimdə sual doğurmamalı olduğu xüsusilə vurğulanıb. 

YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan AR-nın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda Dolma hazırlama və paylaşma ənənəsindən başqa Azərbaycan Muğam ifaçılığı, Lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Aşıq sənəti, Novruz bayramı, Xalça sənəti, Tar ifaçılığı, Kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsında yer alır.

 


Create Account



Log In Your Account