Dec 03 2019 11:40
Elshad Aliyev
Views: 69

ABŞ Prezidenti Donald Trampın seçki qərargahı və Respublikaçılar Partiyasının Milli Komitəsi “Bloomberg News” agentliyinin jurnalistlərinə dövlət başçısının tərəfdarlarının seçkiqabağı mitinqlərini işıqlandırmaq üçün akkreditasiya verməkdən imtina ediblər.

AZƏRTAC xəbər verir ki, yeni qaydalara görə, həmin informasiya agentliyinin nümayəndələri bundan sonra Donald Trampın iştirak etdiyi tədbirlərə buraxılmayacaq. Şirkətin bəyanatında bildirilir ki, kampaniyanın administrasiyası bu və ya digər vəziyyətin spesifikasından asılı olaraq konkret jurnalistin tədbirlərdə iştirakına icazə verilməsini müəyyən edəcək.

Qeyd olunur ki, bu qərar “Bloomberg News” şirkətinin öz banisi və baş direktoru Maykl Blumberqin seçkiqabağı kampaniyasını necə işıqlandıracağı barədə xüsusi bəyanatından sonra qəbul olunub. Baş direktor artıq öz seçkiqabağı kampaniyasının başlandığını elan edib.

“Bloomberg News” şirkətinin əməkdaşlarına ünvanlanmış göstəriş xarakterli məktubda deyilir ki, baş redaktor Con Mikletveyt informasiya agentliyinin öz banisinin və baş direktorunun prezident kampaniyasını necə işıqlandırılacağını açıqlayıb: bu prosesdə Blumberqin özünə və Demokratlar Partiyasına qarşı heç bir araşdırma aparılmayacaq. Bundan başqa, onlar əsas diqqəti Prezidentin yenidən seçilməsi və impiçment məsələlərinə yönəldəcəklər.

Trampın seçki kampaniyasının rəhbərliyi bu qərarı birtərəfli adlandırıb. ABŞ Prezidentinin yenidən seçilməsi üzrə kampaniyanın rəhbəri Bred Parskal deyib: “Onlar özlərinin birtərəfli mövqeyini açıq şəkildə bəyan ediblər, buna görə də “Bloomberg News” agentliyinin nümayəndələri mitinqlərdə və kampaniya çərçivəsində keçiriləcək digər tədbirlərdə iştirak üçün akkreditasiya olunmayacaq”.


Create Account



Log In Your Account