Feb 20 2020 11:57
Elshad Aliyev
Views: 56

Rusiyanın “Şimal-Cənub” Politologiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində “Xəzər Könüllülük Məktəbi”nin birinci iclası və “Xoşməramlı meridianlar” müsabiqəsinin final mərhələsi keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, final mərhələsində könüllülük fəaliyyəti üzrə Xəzəryanı dövlətlərin ən yaxşı təcrübələrindən ibarət 25 layihə beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Ölkəmizi təmsil edən DOST Agentliyinin “DOSTTALKS” layihəsi “İlin layihəsi” seçilərək birinci yerə layiq görülüb və müsabiqənin qalibi seçilib. Qazaxıstanı təmsil edən “Sputnik” layihəsi ikinci, Rusiyanı təmsil edən “Tom Soyer Fest” layihəsi isə üçüncü yerə layiq görülüblər.

DOST Agentliyinin növbəti uğuru “Könüllü DOST” proqramının könüllülük hərəkatında fəal iştirakına əsaslanır. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük hərəkatının daha geniş miqyas almasına şərait yaradıb. DOST Agentliyi də bu sahədə mühüm rolu ilə seçilir.

“Könüllü DOST” proqramına indiyədək 9600-dən çox müraciət olunub və ötən dövrdə proqram üzrə 300 könüllü DOST mərkəzlərinə cəlb edilib. Onlar DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər. “Gənc DOST” proqramı üzrə çalışan gənc könüllülərlə, o cümlədən sağlamlıq imkanları məhdud gənclərlə bərabər, 60-75 yaşlarında bir qrup pensiyaçı da “Gümüşü DOST” proqramı əsasında könüllülər komandasına qoşulub.

DOST könüllülərindən bir qismi isə artıq DOST mərkəzlərinin əməkdaşları kimi fəaliyyət göstərir.

 


Create Account



Log In Your Account