May 20 2020 17:15
Elshad Aliyev
Views: 179

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri davamlı və yüksək iqtisadi artıma, sosial rifaha nail olmaqdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin, həmçinin bu günə qədər 3 DOST mərkəzinin yaradılması məhz bu məqsədə xidmət edir. DOST layihəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 3 saylı DOST mərkəzinin açılışı sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın sosial xidmət sahəsində əldə etdiyi yeniliklərdən, DOST mərkəzlərinin fəaliyyəti fonunda şəffaflığın təmin edilməsindən, vətəndaş məmnunluğunun artmasından geniş bəhs edərək bildirmişdir ki, vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb. Burada tətbiq olunan innovasiyalar gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur. Bir sözlə, DOST sosial təminat sahəsində böyük yenilikdir. Azərbaycanın bu sahədə də təcrübəsi nümunədir.

Cari ilin ötən dövrünün statistik rəqəmlərinə diqqət yönəldən baş redaktor vurğulayıb ki, əldə olunan sosial-iqtisadi göstəricilər, sosial sahədə görülən işlər 2019-cu ildə həyata keçirilən tədbirlərin məntiqi davamıdır. 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi daxil olub. Ötən ildə təsdiqlənən iki sosial paket əsasında 4,2 milyon insanın sosial rifah halı yaxşılaşıb. Minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox artması deyilənlərə bariz nümunədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Dünyanı bürüyən pandemiyaya (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlərin əsas mahiyyətində də insanların sağlamlığının təminatı ilə yanaşı, sosial müdafiələrinin gücləndirilməsi, ən əsası bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlara dövlət dəstəyi əsas yer tutub. Belə ki, bu dövrdə dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqısı tam, özəl sektorda təxminən 700 min insanın maaşının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. 600 min insana 190 manat sosial yardım verildi. 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir. 90 min ödənişli ictimai iş yerlərinin açılması nəzərdə tutulub. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə heç bir sosial layihənin təxirə salınmayacağını bildirmişdir. Qeyd olunan statistika artıq bu tezisin reallıqda öz əksini tapdığını təsdiqləyir.

V.Rəhimzadə bildirib ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsinin nəzərdə tutulması Azərbaycanın yeniliklərə imza atan dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək. “ASAN xidmət”, ABAD, DOST kimi sosial layihələrin davamlı olacağı şübhəsizdir. İqtisadi tərəqqi, artan maliyyə imkanlarımız güclü sosial siyasətlə müşayiət olunur.

Baş redaktor onu da vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək, təhlükəsizlik şəraitində yaşayacaqlar.

“Pandemiya dövründə Azərbaycan təcrübəsinin dünyada təqdir olunması da inkişaf modelimizin nümunəviliyindən irəli gəlir”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, bu müddətdə Azərbaycan yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də davamlı tədbirlərin keçirilməsinə nail olub: «Ölkə Prezidentinin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi Azərbaycanın birlik, həmrəylik çağırışlarını əməldə təsdiqlədiyinə sübutdur. Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib.»

Baş redaktor uğurlarımız fonunda bu əminliyi də ifadə edib ki, Azərbaycan koronavirus pandemiyasından az itki ilə çıxacaq, postpandemiya dövründə yeni inkişaf modeli ilə dayanıqlı inkişaf təmin ediləcək, əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək, ölkəmiz uğurlu sosial dövlət imicinə daha yeni-yeni əlavələr edəcək.

 


Create Account



Log In Your Account